“Azərsu” ASC-də Gənclər Günü qeyd edilib
Bakı, 2 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu”nun sədri Qorxmaz Hüseynov Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu deyib. Bildirib ki, ölkəmizdə Gənclər Gününün qeyd olunması gənc nəslin problemlərinin həllinə xüsusi önəm verən, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu Ümummilli Liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
“Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Prezident İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir”, - deyə Q.Hüseynov vurğulayıb.
ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə bildirib ki, gənclər siyasəti bütün sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da uğurla həyata keçirilir. Gənc peşəkar kadrların hazırlanması və onların potensialından lazımınca istifadə olunması kimi məsələlərə xüsusi diqqət yetirilir.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov isə su təsərrüfatında çalışan gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi və motivasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
ASC-nin gənc mütəxəssisləri Ayxan Məmmədov və Əminə Qəyyumova gəncliyə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru uğurla addımladıqlarını bildiriblər.
“Azərsu”nun sədri Q.Hüseynov son illər ASC tərəfindən həyata keçirilən bir sıra layihələr üzrə əldə olunan nailiyyətlərdə gənc mütəxəssislərin mühüm rolu olduğunu xatırladıb. Bu uğurların davamlı olması üçün tövsiyələr verən sədr gənc mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda əmək fəaliyyətində fərqlənən gənc mütəxəssislərə fəxri fərmanlar təqdim olunub.
Tədbir iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə ağacəkmə aksiyasında da iştirak edib. Məqsəd gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləmək olub. Yaşıllaşdırma tədbiri çərçivəsində yüzlərlə ağac əkilib, ərazidə abadlaşdırılma işləri aparılıb.