MƏDƏNİYYƏT
AZƏRTAC Çinin Henan vilayətinə təşkil edilən mediaturda təmsil olunub










Pekin, 22 sentyabr, AZƏRTAC
Çinin “Xufang International Media” qrupunun və Henan vilayəti hökumətinin təşkilatçılığı ilə əcnəbi jurnalistlər, habelə bloger və vlogerlər vilayətin paytaxtı Cencou şəhərində olublar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq mediaturun açılış mərasimində çıxış edənlər səfərin Çin ərazisindəki ən qədim dövlətlərdən olan Şan dövlətinin paytaxtı olmuş Cencounun tarixi, mədəniyyəti, habelə Çinin “ana çayı” hesab edilən Sarı çay sivilizasiyası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildiriblər.
Mediatur iştirakçıları Şan dövləti dövrünə aid arxeoloji qazıntılar zamanı tapılan əşyaların, o cümlədən məişət əşyalarının saxlanıldığı muzeyə baxıblar, həmin dövrdə bu bölgədə mövcud olmuş qala divarlarının qalıqları ilə tanış olublar. Səfər çərçivəsində jurnalistlər Çin döyüş sənətinin beşiyi hesab olunan şaolin məbədinə baş çəkib, məbədin nəzdindəki kunfu məktəbində oxuyan uşaqların nümunəvi çıxışlarına baxıblar. Bundan başqa, dünyada çaya həsr olunan ilk muzey olan Sarı çay muzeyi, Sarı çay ekoloji parkı, Sonşan dağının ətəyindəki təbii səhnədə şaoilin ritualları üzərində qurulmuş musiqili şousu, Qrotto məbədi, müxtəlif formatda 21 teatr səhnəsində gün ərzində minə yaxın aktyorun rol aldığı fərqli tamaşa və “Dramlar torpağı” ilə tanışlıq yaddaqalan olub.
Mediatur iştirakçıları Çinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi və ortaq gələcəyin birgə qurulması” mövzusunda Cencouda keçirilən Dünya Böyük Çaylar Sivilizasiyası Forumunda da iştirak ediblər.
Pekin