AZƏRTAC-ın fotomüxbirinin işləri beynəlxalq müsabiqələrin medallarına layiq görülüb
Bakı, 1 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) himayəsi ilə Slovakiyada “BARDAF” fotoklubunun qızıl medalına, həmçinin Serbiyada təşkil olunan “BELGRADE PHOTO AUTUMN 2017” fotosalonunun bürünc medalına və fəxri lentinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Bardeyev şəhərində keçirilən və dünyanın müxtəlif ölkələrindən 140-a yaxın fotoqrafın işlərinin nümayiş etdirildiyi “6.BARDAF INTERNATIONAL EXHIBITION” beynəlxalq fotosərgisində İ.Cəfərovun “Gimnast və hakimlər” fotosu qızıl medal qazanıb. Bu foto 2015-ci ilin martında gimnastika növləri üzrə açıq Azərbaycan çempionatında çəkilib.
İ.Cəfərovun daha bir işi - 2014-cü ilin iyununda bədii gimnastika üzrə açıq Avropa çempionatında lentə alınmış “İthaf” fotosu “BELGRADE PHOTO AUTUMN 2017” beynəlxalq müsabiqəsində bürünc medala layiq görülüb. AZƏRTAC-ın fotomüxbiri tərəfindən 2017-ci ilin fevralında batut üzərində tullanma üzrə Dünya kuboku yarışlarında çəkilən “Batut üzərində tullanma” fotosu isə elə həmin Belqrad fotosalonunun fəxri lenti ilə qeyd edilib.
Diqqətəlayiq faktdır ki, hər üç fotoşəkil müxtəlif illərdə Bakıda, Milli Gimnastika Arenasında çəkilib.