AZPROMO: Azərbaycan uzunmüddətli investisiya üçün tələb olunan bünövrənin gücləndirilməsinə sərmayələr qoyub
Bakı, 26 sentyabr, AZƏRTAC
Son iyirmi il ərzində Azərbaycan uzunmüddətli investisiya üçün tələb olunan fiziki və iqtisadi bünövrənin gücləndirilməsinə mühüm sərmayələr qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Qeyri-maddi investisiyalar: Gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi" mövzusunda keçirilən panel sessiyada deyib.
Müşavir qeyd edib ki, buraya nəqliyyat və energetika infrastrukturu, sənaye zonaları, logistika imkanları və beynəlxalq əlaqələndirmə daxildir.
“21 min kilometrə yaxın magistral yol tikilib və ya yenidən qurulub. Azərbaycanın beynəlxalq hava limanları var, dəniz, dəmir yolu və logistika infrastrukturuna böyük həcmdə investisiyalar qoyulub. Ələt ətrafındakı inkişaf bu geniş yanaşmanın mühüm hissəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu və avtomobil yolu əlaqələri, həmçinin yeni beynəlxalq karqo hava limanı istehsal, logistika və ixrac üçün getdikcə daha çox inteqrasiya olunmuş bir platforma yaradır. Bu infrastrukturla yanaşı, investorlar sənaye torpaqlarına, vergi və gömrük güzəştlərinə, rəqabətqabiliyyətli əməliyyat şəraitinə və istehsalat üçün xüsusilə mühüm olan rəqabətqabiliyyətli enerji xərclərinə çıxış əldə edirlər. Lakin bu gün bu amillər investisiyaların cəlb edilməsi üçün daha çox ilkin şərtlər təşkil edir. Onlar bazara daxil olmaq üçün ilkin qərarı asanlaşdıra bilər, lakin bir şirkəti uzunmüddətli potensial yaratmağa inandırmaq üçün təkbaşına kifayət deyillər. Bunun üçün kommersiya məntiqi layihə çərçivəsindən kənara çıxmalıdır. Azərbaycanın bu baxımdan mühüm üstünlüyü var”, - deyə Sevil Yəhyayeva əlavə edib.