AzScienceNet elm kompyuter şəbəkəsi İdarəetmə Şurasının iclasında aktual məsələlər müzakirə olunmuşdur
Bakı, 12 may (AZƏRTAC) Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet elm kompyuter şəbəkəsi (EKŞ) İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, iclasda elektron elmin şəbəkə platforması AzScienceNet şəbəkəsinin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq əlaqələrinin, infrastrukturun genişləndirilməsi, mövcud problemlər, onların həlli yolları və digər məsələlər müzakirə olunmuşdur.
İnstitutun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet şəbəkəsinin fəaliyyət planı haqqında məlumat vermişdir. AzScienceNet-in texniki və proqram təminatı infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin icrası vəziyyətindən danışan R.Ələkbərov şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsi, AMEA institutlarında internetə çıxış sürətinin artırılması, yüksək keyfiyyət göstəricilərinə nail olunması və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.
İclasda “AzScienceNet elm kompyuter şəbəkəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda akademiyada elmi-praktiki seminarın keçirilməsinə dair tədbirlər planı müzakirə olunmuşdur. Tədris-İnnovasiya Mərkəzində AzScienceNet EKŞ-in əsasında zəruri və yeni şəbəkə xidmətləri növlərinin yaradılması, distant tədrisin, Az-CERT xidmətinin dünya standartlarına müvafiq səviyyədə təşkilinin əhəmiyyətindən bəhs edilmişdir. Azərbaycan elminin innovativ inkişafının təminində şəbəkənin mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır. İnformasiya texnologiyalarının geniş tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun beynəlxalq tələblərə uyğun təşkili, eləcə də elektron elm siyasətinin bərqərar olmasının prioritet məsələlər olduğu bildirilmişdir.
Elektron elmin formalaşması istiqamətində AMEA və müvafiq təşkilatlar tərəfindən görülən məqsədyönlü işlər nəzərə çatdırılmışdır. AzScienceNet-in elektron poçt xidmətində vahid sistemin yaradılması, respublikanın elm və təhsil müəssisələri üçün veb-hostinq xidmətinin, onlayn videokonfransların, regionlar üçün distant tədris və digər xidmətlərin təşkili istiqamətində görülən işlərdən söhbət açılmışdır.
Müzakirə edilən məsələlərlə bağlı rəy və təkliflər irəli sürülmüş, gələcək fəaliyyətlə bağlı məsul icraçılara tapşırıqlar verilmişdir.