AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) daxili qrant layihəsi olan “azərbaycan narının aqrosənaye yan məhsullarının funksional bioaktiv ekstraktlara davamlı dəyərləndirilməsi” (№: AzTU-DQL-2025-M01/96484601) çərçivəsində Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işləri həyata keçirilib. Bu məqsədlə AzTU-nun Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının baş müəllimi, layihə rəhbəri Bəhruz Cəbrayılov avqustun 23–28-də Hacettepe Universitetində ezamiyyətdə olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihə qrupu ilə Hacettepe Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Hacettepe Universitetinin Qida mühəndisliyi bölməsinin Qida keyfiyyəti və təhlükəsizliyi araşdırma laboratoriyasında (FoQuS) layihə çərçivəsində nəzərdə tutulan laboratoriya analizləri həyata keçirilib.
Tədqiqatlar AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) alim və mütəxəssislərinin əməkdaşlığı çərçivəsində yerinə yetirilib. Layihə qrupunda AzTU-nun baş müəllimi Bəhruz Cəbrayılov, TAU-nun professorları Vural Gökmen və Ümran Uygun, həmçinin professor köməkçisi Muhammad Usman Akram iştirak ediblər.
Hacettepe Universitetinin müasir elmi-tədqiqat infrastrukturu, qabaqcıl laboratoriya avadanlıqları və geniş analitik imkanları layihə çərçivəsində nəzərdə tutulan tədqiqatların müasir yanaşmalar əsasında həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Layihənin icrası AzTU, TAU və Hacettepe Universiteti arasında elmi-tədqiqat əməkdaşlığının inkişaf etdirilməsi, birgə araşdırmaların genişləndirilməsi və yeni elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.