AZTV-NİN VERİLİŞLƏRİNİN GÜRCÜSTANDA YAYIMLANMA MİQYASI GENİŞLƏNİR
Tbilisi ilə Rustavi şəhərləri arasında, Kür çayının sol sahili boyunca yerləşən Ağtəhlə, Qaratəhlə və Qaracalar kəndlərinin on beş minədək azərbaycanlı əhalisinə Azərbaycan Dövlət Televiziyasının verilişlərinə baxmaq imkanı yaradılmışdır.Bu, Azərbaycan Rabitə Nazirliyi Teleradio İstehsalat Birliyi mütəxəssislərinin bölgədə müasir ötürücü avadanlıq quraşdırması sayəsində mümkün olmuşdur. Təhləli şair Şahvələd Hüseynov bu üç kəndin sakinləri adından, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevə dərin təşəkkürünü bildirərək demişdir: “Biz Gürcüstan azərbaycanlıları xalqımızın qeyrətli oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin qayğısını həmişə hiss edirik. Elə bir il olmur ki, Prezident Heydər Əliyev bu ölkədə yaşayan soydaşlarını sevindirməsin. Məhz onun qayğısı sayəsində məktəblərimiz hər il dərsliklərlə təmin edilir, təmir olunur”. Teleradio İstehsalat Birliyinin baş mütəxəssisi Bəycan Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd etmişdir ki, bundan əvvəl də Gürcüstanın azərbaycanlılar yaşayan ayrı-ayrı bölgələrində belə ötürücülər quraşdırılmışdır. Prezident Heydər Əliyevin 80 illik yubileyi münasibəti ilə Bolnisi rayonunun Zolgüyəc, Saqareco rayonunun Yor-Muğanlı kəndlərində antena qoyulmuşdur. İndi növbədə uzaq dağ rayonu Zalqanın Ərcivan-Sarvan kəndidir. Yaxın vaxtlarda onlar da AzTV-nin verilişlərini izləyə biləcəklər.