Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu VİDEO
Şəki, 24 avqust, AZƏRTAC
Halvaçı Yəhyanın nəslindən olan, 32 ildir ailə ənənələrini qoruyan və inkişaf etdirən Əbülfəz Nadir oğlu Səmədov bu sahənin tanınması və inkişaf etməsi üçün indiyə kimi beş müxtəlif halva və şirniyyat növünə öz əlavələrini edərək xüsusi rəğbət qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki tarix-memarlıq, sənətkarlıq diyarı kimi tək Azərbaycanda deyil, artıq dünyada tanınır. Bu diyarın tarixən sənətkarları ilə tanınan məhəllələri, küçə və dalanları olub. Eyni zamanda, Şəki şirniyyatlarının xoş sorağı dünyanın dörd bir yanından gəlir.
Şəhərin “Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğu” ərazisində halvaçılar az deyil. Əslində, qoruğun memarlıq abidlərində biri digərinə bənzəməyən adlarla öz məhsullarını təqdim edən halvaçılara rast gəlmək olar. Belə sənətkar ailəsində böyüyüb boya-başa çatan, ailə dəyərlərinə önəm verərək həmin sənəti yaşadanlardan biri də Əbülfəz Səmədovdur.
O, hər səhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisindəki dükanına - halva sexinə yollanır. Artıq 32 ildir ki, bu sənəti sevir, yaşadır və yeniliklər tətbiq edərək müştərilərə fərqli təamlar təqdim edir. Usta üst-başını dəyişib sacın arxasına keçir. Əvvəlcə duru xəmiri sacın üstünə tökərək ipək tellərə bənzəyən xalçavari formaya salır. İşini görə-görə deyir ki, xəmirin hazırlanmasından sacın üzərində bişməsinə qədər hər mərhələyə həssaslıqla yanaşılmalıdır: “Nə tez, nə də gec götürmək olmaz”. Bu işləri tamamlayar-tamamlamaz qoz, fındıq və badamı maşından keçirir.
- Usta, əllərinizə sağlıq. Səhərdən çalışırsınız, amma bu halvanın adını demədiniz,- deyə Əbülfəz Nadiroğluna sual ünvanlayıram.
- Darıxmayın, bir qədər də səbir edin, - deyə baba sənətinin layiqli davamçısı işinə davam edir. Bir azdan “Hə, indi danışmaq olar”,- deyib sözünə başlayır:
- Bu halvanın adı “Ərz”dir, yəni Günəş rəmzidir. Əsasən qarğıdalı unundan və daha bir neçə orqanik məhsulun qarışığından hazırlanır. Bu təamın ərsəyə gəlməsi üçün uzun müddət çalışmışam. Onun digər halvalardan əsas fərqi odur ki, şəkər xəstəliyindən əziyyət çəkənlər də rahatlıqla dada bilərlər, onlar üçün heç bir təhlükəsi yoxdur. Usta bunları deyərək halvanın üzərini təbii rənglərlə bəzəyir. Sonda üzərinə zəfəranlı şirə də çiləyərək onu tam bir günəş bənzərinə çevirir.
Doğrusu, Əbülfəz ustadan yeni əl işinin hansı xüsusiyyətləri ilə fərqləndiyini bir neçə dəfə soruşsaq da, o, bizi gülə-gülə mövzudan yayındırıb digər halvasını təqdim edir. Usta, bu südlü-qaymaqlı halvanın hazırlanması və təqdimatı üzərində də aylarla əziyyət çəkib. Yayın bu isti günlərində süd məhsullarının tez xarab ola biləcəyini xatırlatdıqda isə halvaçı Əbülfəz özünə əminliklə belə deyir: “Onu Əbülfəz hazırlayıbsa, xarab olmaz. Dadı və keyfiyyəti də uzun müddət damaqlardan getməz”.
Baba sənətinin davamçısı olan usta, halvalardan danışarkən daha bir özəl əl işini diqqətimizə çatdırır: “Bu halvanın hazırlanma texnologiyası mənə babamdan qalıb. Onu deyə bilərəm ki, bu şirniyyat Zəyzid düyüsündən hazırlanır. Zamanında babam da halvanı yalnız bu düyüdən bişirərdi”. O, sözlərinə əlavə edir ki, hazırda Zəyzid düyüsü bu bölgədə deyil, daha çox cənub və mərkəzi rayonlarda əkilir. Halvanın özünəməxsus dadı və tərkibinə qatılan orqanik məhsullar keçmişdə olduğu kimi, bu gün də alıcıların zövqünü oxşayır.
Halvaçı Əbülfəzlə həmsöhbət olduqca əmin olursan ki, o, sənətini və ailə dəyərlərini hər şeydən üstün tutur. Şəki şirniyyatlarının qədim ənənələrə uyğun olaraq dadlı və təbii hazırlanması üçün usta daim araşdırmalar aparır, yeniliklərə imza atır. Biz də öz növbəmizdə halvaçını işindən ayırmamaq üçün ona uğurlar arzulayıb dükandan ayrılırıq.
Müxbir - Rasim İslamoğlu