BAĞÇA-MƏKTƏB-LİSEY KOMPLEKSİNDƏ “HEYDƏR ƏLİYEV MUZEYİ” AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məktəbin ikinci mərtəbəsinin foyesindən başlayan muzey, dəhlizin axırındakı otaqda tamamlanır. Foyenin hər iki divarında dahi rəhbərimiz Heydər Əliyevin siyasi həyat yolu mərhələlər üzrə şəkil və tarixi sənədlərdə öz əksini tapmışdır. Ustalıqla tərtib olunmuş muzeydə müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xalqımız üçün gördüyü müstəsna işlər, onun dünya siyasət aləmindəki rolu, böyük ağıl və idrak sahibi kimi yenilməz, fenomen şəxsiyyət olması nümayiş etdirilir.
Yeni dərs ilinin ilk günlərində açılmış “Heydər Əliyev muzeyi” dünya şöhrətli siyasi xadimin nəzəri irsini məktəblilərin daha dərindən öyrənmələrinə kömək edəcəkdir.
“Heydər Əliyev muzeyi”nin açılışında təhsil naziri Misir Mərdanov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və müəllimlər, şagirdlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Sonra ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ilk məşğələ keçirilmişdir.