DÜNYA
BAĞDAD TRİBUNALI SƏDDAM HÜSEYNİN HƏBSİ ÜÇÜN ORDER VERMİŞDİR
Səddam əleyhinə müxalifətin görkəmli xadimi, hazırda İraqın Müvəqqəti İdarəetmə Şurasının üzvü Əyyad Əlayu iddia edir ki, 1978-ci ildə onu sürgündə yaşadığı Londonda öz evində öldürməyə cəhd göstərmişlər. Onun sözlərinə görə, əli baltalı bir kişi evə soxularaq, ona və arvadına ağır xəsarət yetirmişdir.
İrəli sürülən ittihamlara görə, Əlayunun aradan götürülməsi əməliyyatını Səddam Hüseynin özü idarə edirdi. Bu işdə ona ögey qardaşı Barzan ət-Tikriti, habelə İraq kəşfiyyatının yüksəkvəzifəli əməkdaşı Faruk Hicazi kömək göstərirdilər.
Səddam Hüseynin ögey qardaşı aprelin ortalarından ABŞ hərbçilərinin əlindədir. Əvvəlki rejimin əleyhdarlarının çoxsaylı qətllərində təqsirləndirilən Faruk Hicazinin isə harada olduğu barədə səhih məlumat yoxdur.
İraq qanunlarına görə, Səddam Hüseynin həbsi üçün orderi Ədliyyə Nazirliyi təsdiq etməlidir.