“Bakcell”: Abunəçilər funksional imkanları geniş olan keyfiyyətli cihazlardan istifadə etməlidirlər
Bakı, 10 noyabr, AZƏRTAC
“Bakcell”in apardığı monitorinqin nəticələrinə görə, şəbəkənin imkan verdiyi texnologiyalardan tam faydalana bilmələri üçün abunəçilər funksional imkanları geniş olan keyfiyyətli cihazlardan istifadə etməlidirlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda bazarda qiymətindən asılı olaraq müxtəlif funksional imkanlara və brendlərə məxsus cihazlar təklif olunur. Düzgün mobil cihaz vasitəsilə “Bakcell” şəbəkəsində daha yüksək keyfiyyətli səs və Data xidməti əldə etmək mümkündür.
Tövsiyələrə əsasən, cihaz “Bakcell” şəbəkəsinin tezlik diapazonlarını dəstəkləməlidir. LTE xidmətlərindən istifadə etmək üçün abunəçi “Bakcell” Müştəri Xidmətləri Mərkəzindən USIM kartını əldə etməlidir. Rayonlarda 3G şəbəkəsində daha yaxşı keyfiyyətlə istifadə edə bilmək üçün UMTS 900 dəstəklənməsi olduqca vacibdir. Məşhur brendlərin cihazlarını almaq məsləhət görülür. Çünki belə cihazlar güclüdür, etibarlıdır və sabit siqnal qəbulunu və şəbəkədə daha yaxşı əhatə olunmanı təmin edən yüksək keyfiyyətli qəbuledici-ötürücü sistemə malikdir. Saxta və ya adsız cihazları almaq məsləhət görülmür. Belə cihazların prosessoru ləng və aşağı keyfiyyətli, proqram təminatı optimallaşdırılmamış, qəbuledici-ötürücü sistemi isə zəif olur. Bir SİM kartlı cihazlardan istifadə etmək məsləhət görülür. Cihazın Azərbaycana rəsmi yolla idxal edildiyini və lazımi qaydada qeydiyyata salındığını öyrənmək tövsiyə olunur. Çünki IMEI məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi EIR sistemi tərəfindən yoxlanılaraq təsdiq olunur.