“Bakcell”in təşkıl etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakcell” şirkətinin təşkıl etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil olunan proqram çərçivəsində 32 gənc təcrübə keçərək bilik və bacarıqlara yiyələniblər. Onlar iki ay müddətində şirkətdə çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. İştirakçılar biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya və zəruri olan müxtəlif təyinatlı təlimlərdə iştirak ediblər.
“İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3 minədək müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün “Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq gənclərə dəstək verməyə davam edəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, “Smart Start” proqramının məzunları “Bakcell”də açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq şirkətdə işləyir. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.