Bakı Ali Neft Məktəbi ilə “Rapid Solutions” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tərəfdaşları siyahısına daha bir transmilli şirkət daxil oldu.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəb ilə elektrik, hidravlik və mexaniki qurğuların, telekommunikasiya xidmətlərinin və bu istiqamətdə texniki təlimlərin qlobal təchizatçısı olan “Rapid Solutions” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Memorandumun imzalanmasında əsas məqsəd BANM-in müxtəlif ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və biliklərin yiyələnməsi üzrə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsidir.
Müqavilənin şərtlərinə əsasən şirkət özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında ali məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində kömək göstərəcək.
Tərəflər arasında, həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib.
Qeyd edək ki, BANM-in əməkdaşlıq etdiyi nəhəng transmilli şirkətlər arasında SOCAR, BP, “Halliburton”, “Maire Tecnimont”, “ABB”, “Schlumberger”, “Schneider Electric”, “Emerson” və s. var.