BAKI DÖVLƏT UNİVERSİTETİ ÜÇÜN MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN YENİ KORPUS İNŞA EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yaxın vaxtlarda Bakı Dövlət Universiteti (BDU) üçün inşa edilmiş, müasir tələblərə cavab verən yeni tədris korpusunun açılışı olacaqdır.
İyulun 28-də bu münasibətlə universitetdə keçirilən mətbuat konfransında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək, xalqımızın müdrik oğlu, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin ölkədə elm və təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını xatırladan rektor BDU-nun elm və təhsilimizin inkişafında mühüm rolu olduğunu vurğulamışdır.
Akademik A.Məhərrəmov dövlətimizin başçısı İlham Əliyevin “Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” 2008-ci il 20 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edərək həmin sənədə əsasən BDU-nun yeni tədris korpusunun inşası üçün 4,6 milyon manat əlavə vəsait ayrıldığını və bunun hesabına korpusun tikintisinin başa çatdırıldığını söyləmişdir.
Müasir tələblərə cavab verən elektron kitabxanası, konfrans salonu, 300-dən çox auditoriya, kafedra və laboratoriyası olan yeni tədris korpusuna universitetin tətbiqi-riyaziyyat və kibernetika, mexanika-riyaziyyat, tarix fakültələrinin köçürülməsi nəzərdə tutulmuşdur.
Sonra suallara cavab verilmiş, tədbir iştirakçıları yeni tədris korpusu ilə tanış olmuşlar.
######
