Bakı Dövlət Universitetində hüquq elminin əsas inkişaf istiqamətləri təhlil olunub
Bakı, 29 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Qloballaşma və Azərbaycan Respublikasında hüquq elminin əsas inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.
Tədbirdə beynəlxalq konfransın əhəmiyyətindən danışan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev tədbirdə hüquq sahəsində tanınmış yerli alimlərlə yanaşı, xarici ölkələri təmsil edən tədqiqatçıların da iştirakını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, iki gün davam edəcək konfransa 180-dən artıq tezis təqdim edilib. AXC-nin yaranmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı xatırladan S.Hacıyev bildirib ki, sənədə əsasən BDU-da silsilə tədbirlər təşkil olunur.
Sonra professor Əmir Əliyev son illər BDU-nun hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artmasından, eyni zamanda, elmi müstəvidə əldə edilən uğurlardan danışıb.
Sonra “Heydər Əliyevin dövlətçilik konsepsiyası”, “Qloballaşma şəraitində dünyada və regionlarda cinayətkarlığın müasir vəziyyəti və meyillərinin bəzi məsələləri haqqında”, “Hüquq elminin inkişafında Azərbaycan-Ukrayna əməkdaşlığının rolu”, “Rusiya Federasiyası və Azərbaycan Respublikasında qloballaşma dövründə hüquq elminin əsas istiqamətləri”, “Mülki hüquqda mediasiya institutu” və “Xüsusi və publik maraqların balansı barədə” mövzularında məruzələr dinlənilib.
Daha sonra konfrans işini “Beynəlxalq hüquq və Avropa hüququ”,“İnsan hüquqları”, “Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Mülki hüquq, mülki proses, kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələrində davam etdirib.