“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq
Bakı, 26 dekabr, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.
QSC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.
“Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq. Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların hərəkəti xüsusi qrafiklə tənzimlənəcək. Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq”, - deyə QSC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, “Bakmil” stansiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.