İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar bir sıra tədbirlər görür
Bakı, 18 mart, AZƏRTAC
Martın 17-də gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qrupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.
Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur. Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələri məsləhət görülür.