BAKI PEKİN OLİMPİADASININ MEDALÇILARINI BÖYÜK TƏNTƏNƏ İLƏ QARŞILADI
AZƏRTAC xəbər verir ki, avqustun 25-də Pekin Olimpiadasında iştirak etmiş Azərbaycan idmançıları vətənə qayıtmışlar.
Pekində Azərbaycanın idman tarixinə yeni bir parlaq səhifə yazmış olimpiyaçılarımızı - boksçu Şahin İmranovu, sərbəst güləşçilərimiz Mariya Stadnik və Xetaq Qazyumovu Heydər Əliyev adına beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları ilə qarşılamışlar.
İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə gül dəstələri qoymuşlar.
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, Pekin Olimpiadasında 204 ölkənin idmançıları iştirak etmişlər. Azərbaycan qeyri-rəsmi komanda hesabında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 39-cu yeri tutmuşdur. Medalların sayına görə isə ölkəmiz 29-cu yerdədir. 1996-cı ilin Atlanta Olimpiadasında Azərbaycan idmançıları cəmi 1 gümüş, 2000-ci ilin Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc, 2004-cü ilin Afina oyunlarında isə 1 qızıl və 4 bürünc medal qazanmışdılar.
Azad Rəhimov demişdir ki, Azərbaycan Avropa ölkələri arasında 20-ci, islam ölkələri arasında isə 3-cü olmuşdur. İslam ölkələrinin idmançıları arasında ilk qızıl medalı Azərbaycan idmançısı qazanmışdır. Bütün bunlar deməyə əsas verir ki, Pekin Olimpiadası Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.
######
![]() |
![]() |
![]() |


