“BAKI QARA QIZIL PAYTAXTIDIR”
Müəllif məqaləsini qədim tariximizdən xəbər verən İçərişəhərin təsviri ilə başlayır. Eyvanlarına üzüm tənəklərinin sarmaşdığı ikimərtəbəli binaların ensiz küçələr boyu sıra ilə düzüldüyü İçərişəhərin Şərq üslubunda salındığından söhbət açan fransız jurnalisti odlar diyarının paytaxtı qədim Bakının vaxtilə Xəzər dənizi sahilində kiçik bir liman şəhəri olub, sonralar strateji əhəmiyyət daşıdığından inkişaf etməsini, XX əsrin əvvəllərində dünya neft sənayesinin önündə getməsini, Şərq və Qərb memarlığını özündə birləşdirən şəhərin son dövrlərdə müasir tipli, yaraşıqlı və gözəl bir mərkəzə çevrilməsini, sakinlərinin qonaqpərvərliyini və mehribanlığını xüsusi vurğulayır.
Ölkəmizdə neft sənayesinin tarixinə toxunan müəllif yazır: XX əsrin əvvəllərində Azərbaycan dünya neft hasilatında Rusiya imperiyasını birinci yerə çıxarmışdı. Sonra Sovetlər birliyinə daxil olan Azərbaycanın yataqlarından çıxarılan qara qızıl ölkənin neft hasilatının yarısını təşkil edirdi.
1991-ci ildə müstəqillik qazanmış respublikamızın özünün neft sərvətinin sahibi olmasından danışan jurnalist 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövründə ölkənin iqtisadi qüdrətinin yüksəldilməsinin mühüm amili olan neft sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini, 1994-cü ildə xarici şirkətlərlə bağlanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini qeyd edir, hazırda dünyanın maraq dairəsində olan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Azərbaycan neftinin xarici bazarlara çıxarılmasının əsaslı və uzaqgörənliklə düşünülmüş, böyük perspektivli addım olmasından söhbət açır.
Neftin ixracı ilə bağlı məsələlərə siyasi don geyindirməyə çalışan müəllifin bəzi məqamlarda subyektiv fikirlər irəli sürməsinə baxmayaraq, məqalə bütövlükdə Azərbaycan, onun neft sənayesinin inkişafı barədə fransız oxucularında geniş təsəvvür yaradır.