BAKI SLAVYAN UNİVERSİTETİNDƏ POLŞA MƏDƏNİYYƏT MƏRKƏSİNİN AÇILIŞI
Polşa Senatının sədri Boqdan Boruseviç və BSU-nun rektoru, professor Kamal Abdullayev Mərkəzin açılışını bildirən lenti kəsdilər. Mərasim iştirakçıları mərkəzdəki eksponatlarla tanış oldular.
Sonra qonaqlar ali məktəbin professor-müəllim heyəti və tələbələri ilə görüşdülər.
Rektor Kamal Abdullayev Polşa Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edənləri kollektivin adından salamladı, universitetin fəaliyyəti barədə məlumat verdi, onun Azərbaycan ilə slavyan dövlətləri, o cümlədən Polşa arasında əlaqələrin dərinləşməsində rolunu vurğuladı. Bildirdi ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, polyak dili və ədəbiyyatı üzrə də mütəxəssislər hazırlanır. Universitetdə Moskva, Ukrayna, Moldova, Yunanıstan, Türkiyə, Bolqarıstan mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini xatırladan rektor Polşa Mədəniyyət Mərkəzinin açılmasında səfir Kşiştof Krayevskinin xidmətini xüsusi vurğuladı.
Təməli hələ XV əsrdə qoyulmuş və Polşa ziyalılarının ilk nümayəndələrinin Qafqaza və Azərbaycana gəlişi ilə XIX əsrdə daha da inkişaf etmiş Azərbaycan-Polşa əlaqələri haqqında məlumatlar da maraqla dinlənildi.
Rektor Polşanın ali məktəbləri ilə əlaqələrdən də danışaraq dedi ki, bir neçə tələbəmiz Polşanın nüfuzlu təhsil ocaqlarını bitirib və hazırda BSU-da müəllim işləyir.
Polşa Senatının sədri Boqdan Boruseviç bildirdi ki, Polşa ilə Azərbaycan arasında inkişaf edən əlaqələrdən xəbər verən Polşa Mədəniyyət Mərkəzinin açılışında iştirak etməkdən məmnundur. O vurğuladı ki, BSU-da polyak dili və ədəbiyyatını öyrənən tələbələr təhsillərini Polşada davam etdirə bilərlər.
BSU tələbələrinin polyak dilində hazırladıqları ədəbi-bədii proqram maraqla qarşılandı.
Polşa Mədəniyyət Mərkəzinin açılışında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edirdilər.