İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ ŞİRKƏTİ YARADILMIŞDIR
Əsas İxrac Boru Kəməri (ƏİBK) layihəsinin iştirakçısı olan tranzit ölkələrin hökumətləri nümayəndələrinin iştirakı ilə Londonda Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin- BTC Ko. yaradılması barədə sənəd imzalanmışdır. bp şirkətinin Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, Azərbaycandan və bütün Xəzər regionundan neftin Gürcüstan ərazisindən keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına ixrac ediləcəyi 1760 kilometrlik boru kəmərinin gerçəkləşdirilməsi yolunda böyük addımdır.
Beləliklə, lahiyədə iştirak payı 25 faiz olan Azərbaycan Dövlət Neft Şirkəti, 38,21 faiz payı olan bp şirkəti, 9,58 faiz payı olan Statoyl, 8,90 faiz payı olan Yunokal, 7,55 faiz payı olan TRAO, 5 faiz payı olan ENİ, 3,40 faiz payı olan İtoçu, 2,36 faiz payı olan Amerada Hess şirkətləri yeni şirkətin səhmdarları olmuşlar. TotalFinaElf şirkəti səhmlərin 5 faizlik payını almaq hüququ əldə etmiş və hazırda bu proses artıq sona çatmışdır. Direktorlar şurasının sədri vəzifəsinə ARDŞ-in prezidenti seçilmişdir, layihənin operatoru isə bp şirkətidir.
Şirkətin Direktorlar şurası boru kəmərinin inşa mərhələləri ilə bağlı ilk müqavilələrin bölgüsünü elan etmişdir. Boru kəmərinin Azərbaycan ərazisindəki hissəsinin tikintisini Yunanıstanın Consolidated Contractors İnternational Company şirkəti, Gürcüstan sahəsini, Azərbaycan və Gürcüstan ərazilərindəki nasos stansiyalarının inşasını Fransanın Spie Kapieqe şirkətinin (ona ABŞ-ın Petrofac şirkəti də daxildir) rəhbərliyi ilə birgə müəssisə həyata keçirəcəkdir. Bu boru kəmərinin Türkiyə ərazisindəki hissəsinin tikintisinin podratçısı isə BOTAŞ şirkətidir.
Tikinti layihəsi üzrə bütün işlər cədvələ uyğun həyata keçirilir və “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsinin tammiqyaslı işlənilməsinin birinci fazası çərçivəsində hasil olunacaq nefti qəbul etmək üçün 2005-ci ilin əvvəlində başa çatdırılacaqdır.
London görüşünün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin ƏİBK layihəsində iştirak payının maliyyələşdirilməsi haqqında bu günlərdə imzaladığı Fərman və digər müvafiq qərarları yüksək qiymətləndirmişlər.