MƏDƏNİYYƏT
Bakı Turizm İnformasiya Mərkəzi IV milli turizm mükafatı müsabiqəsi elan etmişdir
Bakı, 8 may (AZƏRTAC). Bakı Turizm İnformasiya Mərkəzi IV milli turizm mükafatı müsabiqəsi elan etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsini təmin etmək, Azərbaycan Respublikasında mədəni-idrakı, ekoloji, sağlamlıq və digər turizm növlərini stimullaşdırmaqdır.
Müsabiqədə turizm və otel biznesi təmsilçiləri, tədris və mədəniyyət təşkilatları, turizm infrastrukturuna aid müəssisələr, təşkilatlar, jurnalistlər və kütləvi informasiya vasitələri iştirak edə bilərlər.
Müsabiqə “Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə”, “Ölkədaxili və gəlmə turizm sahələrində ən yaxşı turoperator”, “Xarici turizm sahəsində ən yaxşı turoperator”, “Ən yaxşı 5 ulduzlu otel”, “Ən yaxşı 4 ulduzlu otel”, “Ən yaxşı 2-3 ulduzlu otel”, “Turizm sahəsində ən yaxşı işçi”, “Ən yaxşı turizm kompleksi”, “Turizm sahəsində sponsorluq”, “Bakı şəhərində turizm haqqında ən yaxşı nəşr”, “Turizm sahəsində ən yaxşı internet portal” və “Ən yaxşı otel meneceri” nominasiyaları üzrə keçirilir.
Müsabiqədə iştirak etmək üçün mayın 1-dən sentyabrın 20-dək ərizə, təşkilat və yaxud iddiaçı haqqında arayış, seçilmiş nominasiya üzrə mükafata namizədliyini irəli sürmək üçün görülən işlər barədə məlumatdan ibarət sənədləri Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etmək lazımdır.
Müsabiqədə iştirak etmək üçün lazımı sənədlər və ərizə forması www.tourism.az saytında yerləşdirilmişdir. Əlavə məlumat əldə etmək üçün (012) 498 12 44, (012) 598 44 12 nömrələrinə zəng edə, tic_baku@ box.az elektron ünvanına yaza bilərsiniz.
Qaliblərin təltif edilməsi mərasimi bu il sentyabrın 27-də - Dünya Turizm Günündə keçiriləcəkdir.