CƏMİYYƏT
Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur VİDEO
Paris, 26 may, AZƏRTAC
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimi olub. Mərasim ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə təmsil olunur. Beş gün davam edəcək sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sessiyanın açılış mərasimində ÜHST-nin qitələr üzrə üzv ölkələrini təmsil edən nümayəndə heyətləri öz dillərində sessiya iştirakçılarını salamlayıb və təşkilatın 100 illiyi münasibətilə təbriklərini ediblər. Təşkilatın heyvan sağlamlığına dair hazırladığı videoçarx nümayiş olunub. Sonra ÜHST-nin prezidenti, baş direktoru, eləcə də müxtəlif ölkələrin hökumət üzvləri çıxış ediblər.
Açılış mərasiminin ardından ÜHST-nin fotomüsabiqəsinin qalibləri elan olunub və onlara fəxri fərmanları təqdim edilib.
Beş günlük sessiya zamanı iştirakçılar ÜHST-nin zəngin tarixini və hazırkı fəaliyyətini təhlil edəcək, həmçinin qlobal heyvan sağlamlığı və rifahı üçün davamlı gələcəyi birlikdə formalaşdırmaq yollarını araşdıracaqlar.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyası çərçivəsində təşkilatın müəyyən rəhbər orqanlarında vakant yerləri tutmaq üçün inzibati və texniki qətnamələr qəbul ediləcək və seçkilər keçiriləcək.