Bakıda "İdarəetmə və optimallaşma üzrə sənaye həlləri" mövzusunda V beynəlxalq konfrans keçiriləcək
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 27-29-da Bakıda “COİA-2015” (International Conference on Control and optimization with Industrial Application) “İdarəetmə və optimallaşma üzrə sənaye həlləri” mövzusunda V beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Müəllif Hüquqları Agentliyi, ABŞ-ın İllinois Universiteti və perspektiv tədqiqatlar mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universitetidir.
RYTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrliyi ilə keçirilən konfransın açılış mərasimində Ukraynadan, ABŞ-dan, Rusiyadan olan alimlərin çıxışları dinləniləcək.
Beynəlxalq tədbirdə “Çoxagentli şəbəkə sistemlərinin qarşıda duran elementlərlə əlaqəsi”, “Ləngiyən kommutasiya sistemləri üçün optimal idarəetmə həlləri”, “Kombinasiya optimallaşdırması məsələlərinin həlli və onların verilənlərin sıxlaşdırılması üçün tətbiqi”, “Aralıq ötürücü stansiyalı magistral xətlərdə keçid proseslərinin tədqiqi”, “Kompyuter şəbəkələrinin istifadəsi”, “İnternet dükanda gəlirin maksimallaşdırılması üzrə qeyri-dəqiq model” və sair mövzularda yerli və xarici alimlərin məruzələri olacaq.
“COİA-2015” beynəlxalq konfransı 2005-ci ildən keçirilir. Növbəti tədbirin 2017-ci il iyunun 27-29-da Nyu-Yorkda, ABŞ-ın İoanna Universitetində keçirilməsi nəzərdə tutulub.