İDMAN
Bakıda "Sağlam həyat" səyyar layihəsinin təqdimatı keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda yeni üslubda təşkil olunan "Sağlam həyat" səyyar layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında reallaşan layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İdman həvəskarları, xüsusən də gənclər layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Onlar, həmçinin müxtəlif idman növlərində - voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks avadanlıqlarında öz qüvvələrini sınayıblar. Bu avadanlıqların hər biri ilk dəfə sentyabrın 15-də istifadəyə verilən “Sağlam həyat” avtomobilində yerləşib.
Gənclər və İdman Nazirliyinin Regionlar İş Sektorunun müdiri Elvin Zeynallı bildirib ki, layihənin əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir: "Bu, Gənclər və İdman Nazirliyinin əsas istiqamətlərindən biridir. Bu il nazirlik regionlarda 897 kütləvi bədən tərbiyəsi tədbiri həyata keçirib. Bizim indiyə kimi 8 "Sağlam həyat" layihəmiz olub. Bunlardan biri də işğaldan azad olunmuş Laçın şəhərində təşkil olunub".
O, səyyar maşınının regionlarda təşkil olunacaq "Sağlam həyat" layihəsində istifadə olunacağını söyləyib: "Avtomobilin ikinci mərtəbəsində ofis yerləşir və bir sıra idman növlərinin inventarları ilə təchiz olunub. Sentyabrın 15-də Formula 1 Azərbaycan Qran-Prisi zamanı biz bu avtomobili test etdik və gördük ki, minə yaxın insan layihəmizdə iştirak edir. Layihə turistlərin də böyük marağına səbəb oldu. Bütün regionlarda "Sağlam həyat" səyyar layihəsini reallaşdırmaq istəyirik. Avtomobil əhalinin sıx məskunlaşdığı əraziyə gedəcək. Hələlik bir avtomobilimiz var. Əgər bu, daha çox insanın diqqətini cəlb etsə, biz avtomobilin sayını artıra bilərik".