BAKIDA AZƏRBAYCAN-ALMANİYA HÖKUMƏTLƏRARASI DANIŞIQLARI BAŞLANMIŞDIR
Fərhad Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, indi Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifə qeyri-neft sektorunda xarici sərmayənin həcmini artırmaqdan, respublikamızın həm ayrı-ayrı sahələr üzrə, həm də regional baxımdan tarazlı inkişafını təmin etməkdən və yoxsulluğun səviyyəsini azaltmaqdan ibarətdir. Bu məqsədlə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir.
Söhbət zamanı qeyd olundu ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün üstün istiqamət hesab edilir.
Azərbaycan Avropanın genişləndirilməsi təşəbbüsünü alqışlayır və gələcəkdə ölkəmiz Avropa İttifaqına tamhüquqlu üzv olmaq niyyətindədir.
Nazir Azərbaycanla Almaniya arasında müntəzəm keçirilən danışıqları yüksək qiymətləndirdiyini və mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Bu görüşün nəticələrinin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə müsbət təsir göstərəcəyini vurğuladı.
Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Klaus Qrevlix Almaniya-Azərbaycan danışıqlarının hər iki ölkənin inkişafına xidmət etdiyini bildirdi. O dedi ki, dövlətlərimiz arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək məsələləri Almaniyanın xarici işlər naziri Yoşka Fişerin bu günlərdə Bakıya səfəri zamanı apardığı danışıqlarda qaldırılmışdır.
Almaniya hökumət nümayəndə heyətinin başçısı Rayner Gördeler Azərbaycanla əməkdaşlığı genişləndirməyin ölkəsi üçün mühüm əhəmiyyətini qeyd etdi. O, Almaniyanın ayırdığı vəsait hesabına layihələrin Azərbaycanda uğurla həyata keçirildiyini bildirdi. Dedi ki, bu gün Azərbaycanla Almaniya arasında əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir. Qonaq 2003-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinə dair rəqəmləri sadaladı. Azərbaycanla Almaniya arasında uğurlu əməkdaşlığın nümunəsi kimi Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Azərbaycanda fəaliyyətini xüsusi qeyd etdi. İndiyədək Almaniya Federativ Respublikası hökuməti tərəfindən Azərbaycana 276,6 milyon, o cümlədən, ikitərəfli əməkdaşlıq çərçivəsində 136,6 milyon, Avropa İttifaqı xətti ilə 140 milyon avro məbləğində vəsait ayrıldığını vurğuladı. Bildirdi ki, maliyyə əməkdaşlığı çərçivəsində 117,6 milyon avro vəsait özəl sektorun dəstəklənməsi, elektrik enerjisinin ötürülməsi üzrə bərpa proqramları, kommunal infrastruktur layihəsi, Tədqiqatlar və Mütəxəssislər Fondu və Kreditlərin Zəmanəti Fondu layihələri üçün ayrılmışdır.
Texniki əməkdaşlıq çərçivəsində 19 milyon avro vəsait özəl sektorun inkişafının, özəlləşdirmə prosesinin, bazar iqtisadiyyatı ilə bağlı aqrar siyasətin, məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihələri üçün ayrılmışdır.
Danışıqlarda qeyd edildi ki, 2004-2005-ci illər maliyyə əməkdaşlığı çərçivəsində 13,83 milyon avro, texniki əməkdaşlıq çərçivəsində 5 milyon avro vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu vəsaitdən hüquq və məhkəmə islahatları, özəl sektorun dəstəklənməsi və təşviqi, Almaniya-Azərbaycan Fondunun fəaliyyətinin genişləndirilməsi, Gəncə və Şəki şəhərlərində su təchizatının yaxşılaşdırılması, Mikromaliyyələşdirmə Bankının səhmlərinin KfW tərəfindən alınması, Torpaq kadastrı və daşınmaz əmlakın dövlət reyestri, həmçinin, Tədqiqatlar və Mütəxəssislər Fondu layihəsinin davam etdirilməsi üçün istifadə ediləcəkdir.
Hökumətlərarası danışıqlar aprelin 26-da başa çatacaq və onun nəticələri barədə protokol imzalanacaqdır.