REGİONLAR
Bakıda Azərbaycan ilə Argentina arasında aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın başçılıq etdiyi nümayəndə heyəti kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın perspektivləri, “Azərbaycanda aqro-sənaye sektorunun inkişafı ilə bağlı strateji master plan” müzakirə edilmişdir.
Nazir İsmət Abasov qonaqlara ölkəmizin sosial-iqtisadi vəziyyəti, kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermiş, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
İ.Abasov diqqətə çatdırmışdır ki, cari ildə Argentinadan Azərbaycana kənd təsərrüfatı və ərzaq, o cümlədən süd məhsulları, quş yumurtası, təbii bal, heyvanlar üçün hazır yemlər və s. məhsullar idxal olunmuş, ölkəmizdən isə Argentinaya kənd təsərrüfatı və ərzaq məhsulları ixrac olunmuşdur.
İki ölkə arasında aqrar sahədə əməkdaşlığın potensialından danışan nazir vurğulamışdır ki, sözügedən plan Azərbaycan Hökuməti tərəfindən məqbul hesab edilərsə, kənd təsərrüfatı üzrə konkret birgə layihələr həyata keçiriləcəkdir.
Norberto Yauhar öz növbəsində bildirmişdir ki, hər iki ölkədə kənd təsərrüfatının daha da inkişafı üçün birgə çalışmağın tərəfdarıyıq. Ölkələrimiz sürətlə tərəqqi edir. Son illər Argentina müasir texnologiyalardan kənd təsərrüfatına tətbiq edərək yüksək nailiyyətlər əldə etmişdir. Biz Azərbaycan ilə təcrübəmizi bölüşməyə hazırıq. Səylərimizi gücləndirib birgə məhsul istehsal edə bilərik.
Argentinalı nazir vurğulamışdır ki, əməkdaşlıq əlaqələrini gücləndirmək üçün mütəxəssislərimiz qarşılıqlı səfərlər etməlidir. Argentina kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.