ELM VƏ TƏHSİL
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində kitabxana fəaliyyətə başlayıb
Tbilisi, 27 may, AZƏRTAC
Gürcüstanın Rustavi şəhərindəki Təhsil və Mədəniyyət Mərkəzində kitabxana fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, mayın 27-də kitabxananın açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Sabit Məmmədov, ziyalılar, müəllimlər, tələbələr və məktəblilər iştirak ediblər.
Sabit Məmmədov bildirib ki, Diaspor Komitəsi Gürcüstandakı soydaşlarımızın müraciətlərini nəzərə alaraq, kitabxanaya Azərbaycan dilində olan xeyli kitab hədiyyə edib. O, bu kitabların soydaşlarımızın ədəbiyyata, incəsənətə və ümumilikdə təhsilə olan marağının artmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Mərkəzin direktoru Raida Dərziyeva deyib ki, bu günə qədər Rustavidə Azərbaycan dilində istər dərslik, istərsə də ədəbiyyatdan ibarət kitabxana olmayıb. Bu, ilk addımdır və Mərkəzdə belə bir kitabxananın açılması soydaşlarımız tərəfindən çox müsbət qarşılanıb. Onun sözlərinə görə, kitabxananın fəaliyyətə başlaması soydaşlarımızın təhsilə, ədəbiyyata marağının artmasında və onların Mərkəzdə təhsil almalarında mühüm rol oynayacaq. R.Dərziyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Diaspor Komitəsinə minnətdarlıq edib. Bildirilib ki, Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev də öz fərdi kitabxanasından Azərbaycan dilində olan 100-ə yaxın kitabı Mərkəzə hədiyyə edəcək.
Qeyd edilib ki, kitabların arasında dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri də var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi