SİYASƏT
BAKIDA “AZƏRBAYCAN SİVİLİZASİYALARIN QOVUŞUĞUNDA” BEYNƏLXALQ YAY SEMİNARI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda “Azərbaycan sivilizasiyaların qovuşuğunda” mövzusunda yay seminarı işə başlamışdır. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi və İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKT GF) mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bu seminar Rusiyanın aparıcı ali məktəbləri tələbə hərəkatlarının fəalları üçün Azərbaycan Gənclər və İdman Nazirliyinin və İKT-nin “Dialoq və əməkdaşlıq naminə” Gənclər Forumunun dəstəyi ilə keçirilir.
MDBMİ, MDU və Rusiyanın başqa ali məktəblərinin RF Azərbaycan Gənclər Təşkilatının dəvəti ilə Bakıya gəlmiş tələbələri ölkəmizə, Azərbaycanın tarixi və mədəni irsinin beşiyi olan Qarabağın tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş mühazirələr dinləyəcəklər. Bundan əlavə, “Azərbaycan tolerantlıq ünvanıdır” mövzusunda mühazirələr çərçivəsində iştirakçılar ötən ilin payızında Bakıda təsis edilmiş “Gənclər sivilizasiyaların alyansı uğrunda” hərəkatının proqramı ilə tanış olacaqlar.
Seminarın sessiyalarından biri Leyla Əliyevanın “Xocalıya ədalət: Qarabağa azadlıq” beynəlxalq təşəbbüsünün təqdimatına həsr olunacaqdır. Bu təşəbbüs İKT GF-nin İKT xarici işlər nazirləri konfransı tərəfindən bəyənilmiş layihəsidir.
Mühazirələri tarix, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər, Azərbaycanın aparıcı diplomatları və beynəlxalq ekspertlər oxuyacaqlar.
Yay seminarının proqramı çərçivəsində iştirakçılar gənclər və idman naziri Azad Rəhimovla, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə, Azərbaycanın dövlət orqanlarının və gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək, ölkəmizin görməli yerləri ilə tanış olacaqlar.