BAKIDA AZƏRBAYCAN VƏ PAKİSTANIN İŞ ADAMLARININ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
ASK-nın prezidenti Ələkbər Məmmədov və Pakistanın ölkəmizdəki səfiri Cavid Qureyşi Azərbaycanın və Pakistanın əczaçılıq məhsulları istehsalı ilə məşğul olan iş adamlarının böyük bir qrupunun, respublikamızın Səhiyyə və Vergilər nazirliklərinin, digər təşkilatlarının nümayəndələrinin qatıldığı tədbirin iştirakçılarını salamlamış, bugünkü görüşün hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Pakistanlı iş adamları nümayəndə heyətinin başçısı Sarfraz Əhməd çıxışında bildirmişdir ki, nümayəndə heyətinin üzvləri bu tədbirdə iştirak etməklə Pakistanla Azərbaycan arasında biznes əlaqələrini genişləndirmək, ölkəmizə əczaçılıq məhsulları ixracını artırmaq və gələcəkdə bu əlaqələri daha da genişləndirmək məqsədini güdürlər. O qeyd etmişdir ki, Pakistanın ixracat dövriyyəsi ildə 16 milyard dollardır. Bunun da 80 milyon dollarını əczaçılıq məhsulları təşkil edir. Ölkədə 400-dək şirkət əczaçılıq məhsulları istehsalı ilə məşğul olur.
Forumda qeyd edilmişdir ki, Azərbaycan hökuməti özəl bölmənin inkişafını və xarici investisiyanın ölkə iqtisadiyyatına cəlb olunmasını üstün məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycanda ümumi daxili məhsulun 75 faizi özəl bölmənin payına düşür. Təkcə cari ilin doqquz ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 7 milyard dollar məbləğində olmuşdur.
Vurğulanmışdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, turizm, sənaye, nəqliyyat, bank, sığorta bölmələri respublikamızın iqtisadiyyatında üstün yer tutur.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan və Pakistan arasında son dərəcə mehriban münasibətlər mövcuddur. Lakin bu, nədənsə, hələlik qarşılıqlı iqtisadi münasibətlərdə özünü kifayət qədər göstərə bilmir. Bu ilin doqquz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi cəmi 1,7 milyon dollar təşkil etmişdir ki, bu da çox aşağı göstəricidir. Hələlik Pakistandan Azərbaycana trikotaj, dəri və bəzi ərzaq məhsulları ixrac olunur. İdxal-ixrac mallarının çeşidini və həcmini artırmağın vaxtı çatmışdır.
Toplantıda nəzərə çarpdırılmışdır ki, bunun üçün ölkələrimiz arasında kifayət qədər hüquqi baza da mövcuddur. 2000-ci ildən Azərbaycan-Pakistan iqtisadi komissiyası fəaliyyət göstərir. İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında iki ölkə arasında müqavilə mövcuddur və s.
Qonaqlara Azərbaycana idxal olunan dərman preparatlarının və tibb avadanlığının qeydiyyatı məsələləri, əczaçılıq məhsullarının idxalı zamanı vergi rüsumlarının tutulması qaydaları barədə də ətraflı məlumat verilmiş, həmçinin ölkəmizin rəhbərinin göstərişinə əsasən imtiyazlı qrupa daxil olan xəstələrin dərmanlarla pulsuz təmin edilməsi barədə danışılmışdır.
Sonra Səhiyyə və Vergilər nazirliklərinin əməkdaşları dost ölkənin biznes nümayəndələrinin suallarına ətraflı cavab vermişlər.
Biznes forum iki ölkənin iş adamlarının ikitərəfli görüşləri ilə işini davam etdirmişdir.