BAKIDA “AZƏRBAYCAN VƏ TÜRKİYƏ MƏTBUATI: OXŞARLIQLAR VƏ FƏRQLƏR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Hər iki ölkə jurnalistlərinin, mətbuat qurumları nümayəndələrinin, universitet müəllimlərinin iştirak etdiyi tədbirin keçirilməsindən məqsəd Azərbaycan və Türkiyə mətbuatındakı oxşarlıqları və fərqləri aşkarlamaq və müzakirə etmək, habelə jurnalistlər arasındakı münasibətləri dərinləşdirmək idi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu formatda və mövzuda keçirilən ilk seminarın Azərbaycan və Türkiyə mətbuatı arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını bildirmiş, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasındakı münasibətləri dəqiq səciyyələndirən “Bir millət, iki dövlət” kəlamına xidmət etdiyini vurğulamışdır. Tədbirin təcrübə mübadiləsi baxımıdan əhəmiyyətinə toxunan Ə.Amaşov Türkiyə mətbuatının kifayət qədər inkişaf etdiyini söyləmiş, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
Türkiyənin ölkəmizdəki müvəqqəti işlər vəkili Erkan Özoral, səfirliyin mətbuat müşaviri Bülent Uğur, seminarın təşkilinə maliyyə yardımı göstərən Bakı Söhbət Toplantıları Klubunun həmsədri Batçar Baysal tədbirin keçirilməsini yüksək qiymətləndirmiş, Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verəcəyini bildirmişlər.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ilk dəfə keçirilən seminarın əhəmiyyətini vurğulamış, belə tədbirlərin qardaş dövlətlər olan Azərbaycan və Türkiyə mətbuatı arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. O, Türkiyə mətbuatının respublikamızda maraqla izləndiyini, habelə Azərbaycandakı türk jurnalislərin öz ölkələrində olduğu kimi, ana dillərində fəaliyyət göstərdiklərini diqqətə çatdırmışdır.
Türkiyə mətbuatının dünya mətbuatında özünəməxsus yeri olduğunu qeyd edən Ə.Həsənov ölkələrimizin milli maraqlarının qorunmasında və təbliğində mətbuatlarımızın əməkdaşlığına ehtiyac duyulduğunu, bunun günün tələbi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları, ermənilər tərəfindən tarix boyu həyata keçirilmiş soyqırımı və terror siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, bütün dünyada aparılan antitürk və antiazərbaycan kampaniyasının ifşasında da mətbuatın üzərinə böyük vəzifə düşür.
Belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyindən danışan Ə.Həsənov, Azərbaycan hökumətinin bu işə dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Seminarda Türkiyənin Mərmərə Universitetinin kafedra müdiri, professor Nurçay Türkoğlu, Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Orhan Erinç, Türkiyə səfirliyinin mətbuat müşaviri Bülent Uğur, “Tərcüman” qəzetinin baş redaktoru Aydın Candabakoğlu, “Milliyyət” qəzetinin müxbiri Nail Güreli, Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli və başqaları mətbuata dair qanunvericilik, peşə etikası, jurnalist təşkilatları, xəbərin hazırlanması, cəmiyyətin maarifləndirilməsi və digər mövzularda məruzələr etmişlər.