BAKIDA BEYNƏLXALQ HƏVƏSKAR BOKS ASSOSİASİYASININ FORUMU KEÇİRİLƏCƏKDİR
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 10-da Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunun sədrliyi ilə qurumun forumu keçiriləcəkdir.
Bu barədə Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev məlumat vermişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək tədbirdə idman mütəxəssislərini narahat edən müxtəlif məsələlər, o cümlədən qadın boksunun inkişafı məsələləri müzakirə olunacaqdır.
Forumun sonunda ən yaxşı boksçuların, məşqçilərin və AİBA hakimlərinin ilin yekununa görə mükafatlandırılma mərasimi keçiriləcəkdir.
Forum dekabrın 8-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək “AİBA prezidentinin Kuboku” turniri ilə eyni vaxta təsadüf edir. Yarışlarda ayrı-ayrı qitələrdən 8 komanda iştirak edəcəkdir. AİBA-nın prezidenti Çinq-Kuo Vu Bakıya dekabrın 7-də gələcəkdir.
“AİBA prezidentinin Kuboku” turnirinin təntənəli açılışı dekabrın 8-də saat 18-də olacaqdır. Yarışlar 17-34 yaşlı idmançılar arasında 11 çəki dərəcəsində keçiriləcəkdir. Final görüşləri dekabrın 11-nə nəzərdə tutulmuşdur. Turnir AİBA-nın reytinqinə görə hər il öz çəki dərəcələrində ilk 8 yeri tutan boksçular arasında keçirilir.
Beynəlxalq turnirin qonaqları və iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini anacaqlar.