BAKIDA BEYNƏLXALQ İNVESTİSİYA ŞİRKƏTİNİN BİRİNCİ İNVESTİSİYA KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Bakının “Park İNN Azərbaycan” mehmanxanasında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən cari ilin martında təsis edilmiş
Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (XBİŞ) birinci investisiya konfransı keçirilmişdir.
Körfəz ölkələrindən olan potensial investorların iştirakı ilə keçirilən tədbirdə iqtisadi inkişaf naziri Heydər Babayev son illər respublikada qazanılmış nailiyyətlər barədə geniş məlumat vermişdir. Nazir bildirmişdir ki, bu gün dünyada ən sürətlə inkişaf edən Azərbaycanda son dörd ildə iqtisadiyyat 96 faiz artmış, yoxsulluq 49 faizdən 16 faizə enmişdir. Altı yüz mindən artıq yeni iş yeri açılmış, dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Ötən illərdə olduğu kimi, 2008-ci ildə də Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə dünyada liderlik mövqeyini saxlamışdır. Cari ilin birinci rübündə bu göstərici 14 faiz olmuşdur.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı görülmüş işlər diqqətə çatdırılmış, iqtisadiyyata investisiya axınını sürətləndirmək üçün biznes mühitinin daha da yaxşılaşdırıldığı, sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində mühüm tədbirlər görüldüyü qeyd edilmişdir.
İslam ölkələrinin biznes dairələrinin Azərbaycanda fəaliyyətlərini genişləndirdiyini söyləyən nazir, bu işdə İslam İnkişaf Bankının (İİB) köməyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, İİB tərəfindən 2006-cı ilin noyabrında Bakıda təşkil olunmuş investisiya konfransı bütün islam ölkələrinin Azərbaycan və onun iqtisadi imkanları barədə məlumatın əldə edilməsində böyük rol oynamışdır. Məhz həmin tədbirdə Azərbaycan hökuməti və İİB arasında birgə investisiya şirkətinin yaradılması barədə ilkin razılıq əldə edilmişdi.
İslam Korporasiyasının icraçı direktoru Xalid Əl Abudi və AİŞ-in icraçı direktoru Anar Axundov mərkəzi ofisi Bakı şəhərində yerləşən XBİŞ-in xarici sərmayələrin Azərbaycanın qeyri-neft sektoruna cəlb olunması məqsədilə yaradıldığını diqqətə çatdırmış, investorları iş birliyinə dəvət etmişlər. AİŞ-in fəaliyyəti ilə bağlı məlumat verən A.Axundov bildirmişdir ki, qurum sement istehsalı şirkətinin, gəmiqayırma zavodunun yaradılması, qida məhsullarının emalı, logistika üzrə və s. layihələrin həyata keçirilməsi istiqamətində artıq konkret addımlar atmış, altı layihə üzrə isə sərmayələr yatırılacaqdır.
XBİŞ-in icraçı direktoru Toğrul Köçərli qurumun Azərbaycanın qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini bildirmişdir.
Konfransda yerli və xarici mütəxəssislər tərəfindən ölkə iqtisadiyyatı, qanunvericilik sahəsində yeniliklər, investisiya mühiti ilə əlaqədar məlumatlar qonaqların diqqətinə çatdırılmışdır.
Sonda mətbuat konfransı olmuşdur.
######
