Bakıda Böyük Qələbənin 73-cü ildönümü qeyd edilib
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Böyük Vətən müharibəsi veteranlarının, Milli Məclisin deputatlarının, MDB ölkələrinin Azərbaycandakı səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilərin, gənclərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şakinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.
Rasim Musabəyov deyib: “Hər il “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin qeyd olunması gözəl ənənəyə çevrilib. İnsanlar çalışmalıdır ki, dünyada bir daha bu cür müharibələr olmasın. Biz insanlar dünyada sülhün daimi olması üçün əlimizdən gələni etməliyik. Hazırda dünyada bir sıra münaqişələr mövcuddur. Azərbaycan bir ölkə kimi daima sülhə dəstək verir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Bu, bir daha Azərbaycanın sülh tərəfdarı olduğunun sübutudur”.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib ki, hər il 9 May - Qələbə Günü münasibətilə “Qardaşlıq Məzarlığı” abidəsi önündə bu mərasimin keçirilməsi ənənə halını alıb.
Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandıran səfir deyib: “Mənim atam və babam da İkinci Dünya müharibəsində iştirak edib, ön cəbhədə vuruşublar. Mən bu qələbənin qiymətini çox yaxşı başa düşürəm. Bu müharibə bəşəriyyət tarixində ən faciəli səhifələrdəndir. Biz daim qəhrəmanları xatırlayacağıq, onları heç vaxt unutmayacağıq”.
Diplomat xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini vurğulayıb, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin də əvəzsiz olduğunu söyləyib.
Böyük Vətən müharibəsi veteranı 102 yaşlı Hilal İbrahimov ön cəbhədə vuruşduğu günlərin xatirələrini bölüşüb. Azərbaycanın hazırda hər sahədə, xüsusilə iqtisadi baxımdan güclü dövlətə çevirdiyini vurğulayan Hilal İbrahimov müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə bütün veteranlar adından təşəkkür bildirib.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra burada dəfn edilən əsgər və zabitlərin məzarları ziyarət olunub.