BAKIDA CÜDO ÜZRƏ DÜNYA KUBOKU UĞRUNDA TURNİRİN RƏSMİ AÇILIŞI OLMUŞDUR
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Bakı İdman sarayında cüdo üzrə kişilər arasında Dünya Kuboku uğrunda turnirin təntənəli açılışı mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkəmizdə cüdo məktəbinin böyük ənənələrinin olduğunu vurğulamışlar. Bu yaxınlarda Yerevanda gənclər arasında Avropa çempionatında Azərbaycanı təmsil edən 5 cüdoçunun hamısının medal qazanması xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycanda cüdonun, ümumiyyətlə idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.
Avropa Cüdo İttifaqının idman direktoru Mixal Vaçun iştirakçılara uğurlar arzulayaraq, yarışı yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirmişdir.
Rəqs ansamblının iştirakı ilə bədii hissədən sonra yarışlar yarımfinal və final qarşılaşmaları ilə davam etmişdir.
Xatırladaq ki, yarışda Azərbaycan, Polşa, Rusiya, Fransa, Gürcüstan, İsrail, Portuqaliya, Türkiyə, Yunanıstan, Yaponiya, Özbəkistan, Norveç, Ukrayna və Belarusdan 7 çəki dərəcəsi üzrə 100-dək idmançı mübarizə aparır.
Turnirin ilk günü tatami üzərinə 60,66 və 73 kiloqram çəki dərəcələrində yarışan idmançılar çıxmışlar.
Azərbaycanın üç cüdoçusu Dünya Kubokunun finalında mübarizə aparır.
66 kiloqram çəki dərəcəsində iki Azərbaycan idmançısı finala çıxmışdır. Qızıl medal uğrunda görüşdə Tərlan Kərimov və Sərxan Əhmədov qarşılaşacaqlar.
60 kiloqram çəki dərəcəsində isə Azərbaycan cüdoçusu Vüqar Şirinli birinci görüşündə üçqat Olimpiya çempionu yaponiyalı Nomura Tadahiro, daha sonra Amiran Papinaşvili (Gürcüstan) və Fransa təmsilçisi Julien Ottaviani üzərində qələbə qazanaraq finala yüksəlmişdir. Həlledici mərhələdə cüdoçumuzun rəqibi rusiyalı Mşvidobadze Robert olacaqdır.