Bakıda “Əcnəbi tələbələrin universitetə daxil olma sistemi” adlı yeni proqramın təqdimatı olmuşdur
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Almaniyada bakalavr təhsili” mövzusunda Köln Universitetindən olan qonaqla görüş təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil olunmuş tədbirdə “Əcnəbi tələbələrin universitetə daxil olma sistemi” adlı (“Studienstart İnternational”) yeni proqramın təqdimatı keçirilmişdir.
Proqramla bağlı geniş məlumat verən Köln Universitetinin beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Floris Knoll demişdir ki, artıq təmsil etdiyi ali təhsil ocağına qəbul qaydaları dəyişdirilmişdir. Belə ki, Azərbaycanda orta məktəbi qurtaran hər bir şəxs Köln Universitetində təhsil ala biləcəkdir. Universitetə qəbul qaydaları 2 mərhələdə aparılacaqdır. Belə ki, test imtahanlarından lazımi balı toplayan gənclər Köln Universitetində də bir semestr (6 ay) sınaq dərsi keçəcəklər.
Yeni qəbul qaydaları barədə geniş məlumat verən qonaq DAAD -ın son zamanlar həyata keçirdiyi layihələrdən söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, Köln Universiteti 1388-ci ildə yaradılmış və hazırda bu ali təhsil ocağında 50 minə yaxın tələbə təhsil alır.
Sonda qonaq iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.