MƏDƏNİYYƏT
Bakıda görkəmli qazax aliminin “Daşa yazılan tarix” kitabının təqdimatı olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə görkəmli qazax alimi, akademik Darxan Kıdıralinin “Daşa yazılan tarix” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə elm xadimləri, mədəniyyət nümayəndələri, fondun üzvləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair, esseist Fərid Hüseyn kitabın yazılma prosesindən bəhs edərək deyib ki, “Daşa yazılan tarix” yalnız tarixi əsər deyil, həm də Türk dünyasının ortaq yaddaşını, irsini və mədəniyyətini bir araya gətirən nadir elmi tədqiqatdır. O, kitabın müasir elmi yanaşmalarla hazırlandığını, hər bir detala diqqət yetirildiyini və türk xalqlarının ortaq irsini oxuculara daha yaxın və başa düşülən şəkildə təqdim etdiyini diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında “Daşa yazılan tarix” kitabının Türk xalqlarının mədəni irsinin qorunmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib. Diqqətə çatdırıb ki, Türk dünyasının tarixi və mədəni irsinin izləri kitabda əks olunub, həmçinin burada tariximizin əbədiləşdirilməsinə dair geniş araşdırmalar mövcuddur. O, əsərin təkcə alimlər üçün deyil, geniş oxucu kütləsi üçün maraqlı olacağını vurğulayıb.
Tədbirdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək “Daşa yazılan tarix” kitabının Türk xalqlarının tarixinin gələcək nəsillərə ötürülməsində və bu tarixin qorunmasında mühüm vasitə olacağını qeyd edib. Rəşad Məcid kitabın elmi yanaşması ilə yanaşı, həm də oxuculara mədəniyyətlərarası dialoqun və əlaqələrin möhkəmləndirilməsi baxımından böyük fayda verəcəyini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının çoxəsrlik tarixi, zəngin mədəniyyəti və irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, Darxan Kıdıralinin elmi fəaliyyətinin bütün Türk dünyası miqyasında böyük əhəmiyyətini vurğulayaraq, onun xidmətlərinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, 2017-ci ildə “Dostluq” ordeni ilə təltif edildiyini bildirib. Azərbaycan elmi-mədəni, ədəbi-ictimai fikrinin nümayəndələrinin yaradıcılığı və əsərlərinin Beynəlxalq Türk Akademiyası vasitəsiilə tanıdılması istiqamətində Darxan bəyin müstəsna xidmətlərini vurğulayan Cavanşir Feyziyev bir məqamı xüsusi qeyd edib ki, məhz D.Kıdıralinin təşəbbüsü ilə hər il Astanada keçirilən “Böyük çöl” Humanitar Forumu bütün türk dünyası araşdırmaçıları üçün görüş, fikir mübadiləsi yeri olub. Həmin forumun nəticələrinin bu günümüzdə türk dünyasında gedən inteqrasiya prosesində xalqlarımız arasında münasibətlərin inkişafına geniş mənada təkan verməsi Darxan bəyin əvəzsiz xidmətlərindəndir.
Kitab Türk dünyasının ortaq mədəni və elmi mirasının əks olunduğu vacib bir əsər kimi qiymətləndirilib. Vurğulanıb ki, kitab təkcə Qazaxıstan tarixinin deyil, ümumilikdə türk xalqlarının birgə tarixi keçmişinin öyrənilməsi üçün əhəmiyyətli mənbədir.
Çıxışlarda kitabın elm aləmində böyük maraq doğurduğu və gələcək nəsillərə dəyərli bir töhfə olacağı qeyd edilib. Bildirilib ki, bu cür əsərlər xalqların ortaq köklərini, mədəniyyətlərini daha dərindən başa düşmək və qorumaq üçün mühüm rol oynayır.
Təqdimat mərasimi sual-cavab sessiyası ilə yekunlaşıb.