Bakıda gözəllik salonundan və bank kartından oğurluq edilib
Bakı, 7 iyun AZƏRTAC
İyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektindəki gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat məbləğində pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis idarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub.
Elə həmin rayonda bank kartından 470 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Qeyd edilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.