Bakıda ilk dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının regional təlimləri keçirilir
Bakı, 5 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dəstəyi və təşkilatçılığı ilə MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə regional təlimlər keçirilir. Ölkəmizdə ilk dəfə təşkil olunan təlimlərin yerli tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təlimin işinə uğurlar arzulayıb. Bildirib ki, təlimlər sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarə olunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etmək və kibertəhlükələrin qarşısının alınması üzrə əməli təlimlər keçirmək, müasir mübarizə üsullarının tətbiqini öyrənmək məqsədi daşıyır.
E.Vəlizadə sahə üzrə Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasətindən söz açıb. Qeyd edib ki, ölkəmizdə müasir texnologiyalardan dövlət idarəçiliyində, biznes fəaliyyətdə istifadəsinin genişləndiyini nəzərə alaraq, kibertəhlükəsizlik məsələləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan nazir müavini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında “Kibertəhlükəsizlik üzrə Milli Strategiya”nın hazırlandığını diqqətə çatdırıb.
Kibertəhlükəsizliyin qlobal xarakter daşıdığını diqqətə çatdıran E.Vəlizadə bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib sayıb, ilk dəfə keçirilən regional təlimlərin bu yöndə atılan əhəmiyyətli addımlardan biri olduğunu deyib.
Tədbirdə BTİ-nin üzvü olan MDB regionu ölkələrindən kibertəhlükəsizlik insidentlərinə reaksiya üzrə milli qruplar, kibertəhlükəsizliklə bağlı tənzimləyici orqanların nümayəndələri ilə yanaşı, Azərbaycanın aidiyyəti dövlət qurumlarının, telekommunikasiya operatorları, internet provayderləri, bankların və digər özəl şirkətlərin mütəxəssisləri iştirak edir.
MDB-dən Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan olmaqla, Avropa və Asiyadan ümumilikdə 14 ölkənin 75-dən çox iştirakçısının qatıldığı tədbirdə beynəlxalq təşkilatları təmsil edən ekspertlər təlimlər keçəcək.
Sonra “Azərbaycanda kibertəhlükəsizlik təşəbbüsləri” mövzusunda məruzə dinlənilib, kibertəhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və analiz edilməsi əsasında görülən işlərdən söz açılıb. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqda geniş məlumat verilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə bölməsinin proqram əlaqələndiricisi Fərid Nəhli hər gün yenilənən hücum texnologiyaları fonunda BTİ-nin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətindən danışıb. O, təşkilatın iş planında kibertəhlükələrə qarşı mübarizədə qlobal əməkdaşlığın əsas və vacib istiqamət olduğuna diqqət çəkib.
BTİ tərəfindən Qlobal Təhlükəsizlik İndeksinin (QTİ) ölçülməsi ilə bağlı aparılan araşdırmalardan danışan F.Nəhli nəticələrin hazırda analiz olunduğunu bildirib. Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmisi milli kibertəhlükəsizlik strategiyalarının hazırlanması və onların əsasında Fəaliyyət Planının həyata keçirilməsinin vacibliyindən də söz açıb.
Təlimlər sentyabrın 7-dək davam edəcək və 6 müxtəlif ssenari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri sınaqdan keçiriləcək, bu da iştirakçıların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.