Bakıda insan alverinə qarşı mübarizəyə dair seminar təşkil olunub
Bakı, 1 aprel, AZƏRTAC
Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Birləşmiş Ştatlar və Azərbaycan hökumətlərinin mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi insan alverinə qarşı mübarizə və onun qurbanlarına yardımın göstərilməsi olub.
Səfirin müavini Uilyam Qilin çıxışından sonra səfirliyin Diplomatik Təhlükəsizlik İdarəsinin təhlükəsizlik mütəxəssisi Reyçel Simon insan alveri qurbanlarını necə müəyyənləşdirmək və onlara kömək etmək üçün mövcud olan metodologiyalardan danışıb.
Beynəlxalq Miqrasiya Təşkilatının miqrantların müdafiəsi üzrə yardım koordinatoru Mariya Nikolovska Azərbaycanda insan alverinə aid mövcud vəziyyətlə bağlı məlumatı təqdim edib.
Sonra təhlükəsizlik mütəxəssisi Reyçel Simon insan alverçiləri tərəfindən tez-tez istifadə olunan saxta səyahət sənədlərinin tanınması üzrə təlim keçib.
Seminarda Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinin, habelə Dövlət Sərhəd və Miqrasiya xidmətlərinin rəsmiləri də iştirak ediblər.