BAKIDA KEÇİRİLƏCƏK I BEYNƏLXALQ ŞAHMAT FESTİVALI İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI OLMUŞDUR
Bununla əlaqədar, mayın 3-də Respublika Şahmat Mərkəzində mətbuat konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Respublika Şahmat Mərkəzinin direktoru Emin Haşımov, yarışların baş hakimi Lütfiyar Rüstəmov çıxış edərək, ilk dəfədir təşkil olunan bu festivalın mükafat fondu, proqramı, idmançılarımızın hazırlığı və iştirak edəcək ölkələrin şahmatçıları barədə məlumat vermişlər. Bildirmişlər ki, festivalda Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, İsrail, Türkiyə, Qazaxıstan, İraq, Bosniya və Herseqovinanın 150-yə yaxın şahmatçısı kubok və qiymətli hədiyyələr uğrunda mübarizə aparacaqlar ki, onların da 35-i beynəlxalq qrossmeyster və ustalardır. Dörd turnirdən - açıq turnir, 10, 12 və 14 yaşadək uşaqlar arasında, veteranlar arasında turnir və blits (sürətli) turnir - ibarət olacaq festival İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir.
Festivalın ümumi mükafat fondu 35 min ABŞ dollarıdır. Açıq turnirdə birinci yerə görə 4500, ikinci yerə görə 3500, üçüncü yerə görə isə 2800 ABŞ dolları məbləğində pul mükafatı veriləcəkdir. On ikinci yeri tutan idmançıya da mükafat təqdim olunacaqdır.
Xatırladaq ki, dünya reytinq cədvəlinə görə, bu yarışlarda iştirak edən şahmatçılar arasında ən yüksək xala sahib idmançı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovdur (2699 xal). İkinci yerdə Rusiya təmsilçisi Oleq Korneyev (2671 xal), üçüncü yerdə isə Qazaxıstan idmançısı Darmen Sadkasovdur (2619 xal).