BAKIDA KEÇİRİLƏCƏK QILINCOYNATMA ÜZRƏ DÜNYA BİRİNCİLİYİNDƏ 100-DƏK ÖLKƏNİN İDMANÇISI İŞTİRAK EDƏCƏKDİR
Bakı, 4 dekabr (AZƏRTAC). Gələn ilin aprel ayında Bakıda başlanacaq yeniyetmə və kadetlər arasında qılıncoynatmanın sablya, şpaqa və rapira növləri üzrə dünya birinciliyində 100-dək ölkənin idmançısı iştirak edəcəkdir. Bunu jurnalistlərə dekabrın 4-də “Trend” xəbərlər şirkətində keçirilən mətbuat konfransında Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bildirmişdir.
Baş katib demişdir ki, Azərbaycan paytaxtının yarışa ev sahibliyi etməsi ilə bağlı son qərar noyabrda Palermoda keçirilmiş Dünya Qılıncoynatma Federsiyasının iclasında qəbul olunmuşdur.
Aprelin 1-dən 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək dünya birinciliyi 2010-cu ildə gənclər arasında birinci Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaqdır.
Bakıda qılıncoynatma üzrə ilk dəfə təşkil olunacaq belə mötəbər yarışla bərabər aprelin 1-də Dünya Qılıncoynatma Federasiyasının Baş Assambleyası da keçiriləcəkdir. Yarışın baş sponsoru isə “Avrositi Holdinq” şirkəti olacaqdır.
Təşkilati işlərə yüksək diqqət ayrıldığını söyləyən R.Məmmədov demişdir ki, dünya birinciliyini keçirməklə biz ölkəmizin mötəbər yarışları hər zaman yüksək səviyyədə təşkil etdiyini bir daha dünyaya nümayiş etdirəcəyik. Federasiya rəsmisi 2012-ci il gənclər arasında Avropa çempionatını keçirmək üçün Bakının namizədliyinin irəli sürüldüyünü də bildirmişdir. Qitə birinciliyini keçirmək üçün Bakının əsas rəqiblərindən biri Bolqarıstanın Varna şəhəridir. Ümumiyyətlə bununla bağlı son qərar isə Avropa Qılıncoynatma Federasiyasının iyulda Moskvada keçiriləcək konqresində qəbul olunacaqdır.