BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 2-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul, Göyçay və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirmişdir ki, bazar günü burada 12,2 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 4 ton tərəvəz, 3 ton kartof, 3 ton meyvə, 2 min dəstə göyərti, 10 min ədəd yumurta satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Şəki rayonlarından gətirilmiş 15,4 ton ət, 45 ton kartof, 70 ton meyvə, 83,7 ton tərəvəz və digər məhsullar satılmışdır. Hövsan fermerlərinin yarmarkaya gətirdikləri toyuq ətinin alıcıları daha çox olmuşdur.
Yarmarkada qiymətlərə və çəkiyə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
Şənbə və bazar günləri Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 54 tondan çox məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, yarmarkalarda satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə iki gün ərzində 5 tondan çox məhsul satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada Qazax və Ağsu rayonlarının fermerləri şəhər sakinlərinə keyfiyyətli kənd təsərrüfatı məhsulları təklif edirdilər. Burada ucuz qiymətlərə satılan məhsullar çox həvəslə alınırdı.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada, ümumilikdə 25 ton meyvə-tərəvəz və süd məhsulları satılmışdır.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada da bazardakından 20-30 faiz ucuz qiymətlərə meyvə-tərəvəz və heyvandarlıq məhsulları satılırdı. Bərdə, Ağstafa və Goranboy rayonlarının fermerləri iki gün ərzində burada əhaliyə 25 tondan çox məhsul təklif etmişlər.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya bazar günü Xaçmaz, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri 84 tondan çox meyvə-tərəvəz və ət-süd məhsulları gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, alıcılara 3,15 ton ət, 28 ton tərəvəz, 13,1 ton kartof, 39,6 ton meyvə, Buzovna, Mərdəkan, İmişli broyler fabriklərindən gətirilmiş 1,2 ton toyuq əti və 20 min ədəd yumurta və s. satılmışdır.