BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
![]() |
![]() |
![]() |
![]() |
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsullar çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, burada əhaliyə 22,3 ton məhsul, o cümlədən 3 ton ət, 0,3 ton ağartı, 7 ton tərəvəz, 5 ton kartof, 7 ton meyvə, 15 min ədəd yumurta təklif olunur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermərləri 57 tona yaxın məhsul gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, yarmarkalarda satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları vardır. Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar. Müqəddəs Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar yarmarkalara çıxarılacaq məhsulların həcmi artırılacaqdır. Qiymətlər də xeyli ucuz olacaqdır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə satışa 5 tondan çox məhsul çıxarılmışdı.
Alıcılardan müəllimə Fəridə Abasova, təqaüdçü Qurban Həmidov, sürücü Əlisahib Hüseynov və başqaları yarmarkaların təşkilinə görə dövlət başçısına minnətdarlıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarının fermerləri əhaliyə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, qoz, fındıq, ağartı, ət, bal və s. təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov bildirdi ki, rayonun ərazisində fəaliyyət göstərən yarmarkada satışa 235 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılmışdır. Məhsulların qiyməti bazardakından 35-40 faiz ucuzdur.
Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razılıq edirdilər.
A.Şərifzadə küçəsi 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkanın ərazisi bir qədər genişləndirilmiş və məhsulların satışı üçün lazimi şərait yaradılmışdı.
Yarmarkaya Qusar, Dəvəçi, Salyan, Astara və digər rayonlardan 11 ton tərəvəz, 22 ton meyvə, 6 ton kartof, 4 ton bostan məhsulları, 2,5 ton ət gətirilmişdi.
Yarmarkada xurma, narıngi, alma və digər məhsullar satan astaralı Günəş Şabanov bildirdi ki, iki ildir hər həftə bura məhsul gətirir. İndiyədək 10 tondan çox məhsul satmışdır.
Qusarlı Həşim Məmmədov isə ilk dəfədir buraya gəlir və yaradılmış şəraitdən razıdır.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada qələbəlik idi. Yaradılmış məhsul bolluğu bura üz tutanların sayını xeyli artırmışdı. Yarmarkaya Masallı, Ağdaş, Salyan və digər başqa rayonlardan 17 tondan çox məhsul gətirilmişdi. Burada kələmin, soğanın kiloqramı 25, kök, çuğundur 50, xurma 40, kartof 50-60 qəpiyə təklif edilirdi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu rayonlarından gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsullarını şəhər sakinləri çox həvəslə alırdılar. Burada kələmin kiloqramı 20, soğanın kiloqramı 16-20, almanın kiloqramı 30, kartofun kiloqramı 40 qəpiyə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün fermerlər yarmarkaya 22 tondan artıq məhsul çıxarmışlar.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada da bolluq nəzərə çarpırdı. Burada Bərdə, Goranboy və Ağstafa rayonlarının fermerləri satışa 20 tondan artıq kartof, çuğundur, turp, alma, kələm, nar, heyvandarlıq məhsulları çıxarmışdılar.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya şənbə günü Xaçmaz, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri 96,4 tondan çox meyvə-tərəvəz və ət-süd məhsulları gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfullayev bildirdi ki, alıcılara 4,9 ton ət, 32,1 ton tərəvəz, 19 ton kartof, 42,6 ton meyvə, Buzovna, Mərdəkan, İmişli, Giləzi broyler fabriklərindən gətirilmiş 1,5 ton toyuq əti və 30 min ədəd yumurta və s. təklif olunur.



