REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul, Zərdab, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Gədəbəy rayonu Salburun kəndindən Arzu Tanrıquliyev satışa 10 ton kartof, 300 kiloqram pendir, süd məhsulları, bal, alma, armud məhsulları çıxarmışdı. O, iki ildir ki, bu yarmarkada məhsul satdığını və yaradılmış nümunəvi şəraitdən razı qaldığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, bu gün burada əhaliyə 22,1 ton məhsul, o cümlədən 4 ton ət, 0,8 ton ağartı, 6 ton tərəvəz, 7 ton kartof, 1 ton bostan bitkisi, 3,3 ton meyvə, 20 min ədəd yumurta təklif olunur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 23 tona yaxın məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, əhalinin tələbatı nəzərə alınaraq bu dəfə yarmarkalara çıxarılan məhsulların miqdarı və çeşidi artırılmışdır. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar boldur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə alıcılara 3 tondan çox məhsul təklif olunurdu.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan 54 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Astaradan naringi gətirmiş İsmayıl Məmmədov bildirdi ki, hər həftə yarmarkaya 1 tondan çox məhsul gətirir. Qusardan 3 tondan çox kartof gətirmiş Məmməd Məmmədov isə ilk dəfə bura məhsul gətirdiyini söyləyərək dedi ki, yaradılmış şəraitdən olduqca razıdır.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Saatlı, Salyan, Ağdaş rayonlardan 6 tondan çox məhsul çıxarılmışdı.
Ağdaş rayonundan kartof gətirmiş Alim Fazilovun sözlərinə görə, artıq burada 20 tona yaxın məhsul satmışdır. Yarmarkada almanın kiloqramı 40-50, kartof 30-50, naringi 80 qəpiyə, mal əti isə 3 manat 60 qəpiyə təklif edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Kürdəmir, Quba, Ağcabədi, Qax, Biləsuvar, Şəki və Qəbələ rayonlarından gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov dedi ki, bu gün satışa 97,3 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır.
Yarmarkada alma, kartof, kələm çoxluq təşkil edirdi. Kələmin kiloqramı 20, alma 40 qəpiyə satılırdı. Paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada alıcılara Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 95,1 ton meyvə-tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, Giləzi, Goradil broyler fabriklərindən 1,2 tondan çox toyuq əti, 15 min ədəd yumurta təklif olunurdu. Burada mal ətinin kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, quş əti 2 manat 70 qəpiyə, soğan 20, kök 50, çuğundur və alma 40, armud 80, kartof 40-50, mandarin 80 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə satılırdı.
Tərtər Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Ədalət Əliyev rayon fermerlərinin yarmarkalar təşkil edildiyi ilk gündən paytaxta meyvə-tərəvəz gətirdiyini, bu gün də satışa 40,6 ton məhsul çıxardığını bildirmişdir.