BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 2-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 14,6 ton məhsul, o cümlədən 3 ton ət, 0,5 ton ağartı, 4 ton tərəvəz, 4 ton kartof, 1 ton bostan bitkisi, 2 ton meyvə, 5 min ədəd yumurta, 0,1 ton bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Qeyd edək ki, şənbə və bazar günləri burada əhaliyə 37,25 ton məhsul satılmışdır
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri satışa 23 tona yaxın məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, əhalinin tələbatı nəzərə alınaraq bu dəfə məhsulların miqdarı və çeşidi artırılmışdır. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad və Göyçay rayonunun fermerleri alıcılara 4 tona yaxın məhsul təklif edirdilər. Qiymətlər bazardakından 25-30 faiz ucuz idi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Qazax və Ağsu rayonlarının fermerləri müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları, o cümlədən kartof, kələm, turp, alma, nar, soğan, süd və s. gətirmişdilər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, şənbə və bazar günləri yarmarkada 28 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkaya çıxarılan 17 tona qədər meyvə-tərəvəz və heyvandarlıq məhsulları həvəslə alınırdı. Ağstafa, Bərdə və Goranboy rayonlarından gətirilmiş həmin məhsullar alıcılara onlar üçün sərfəli qiymətlərə təklif edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilən məhsulların çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada əhaliyə 7 ton ağartı, 62,9 ton meyvə, 49,3 ton tərəvəz, 31, 3 ton kartof, 20,2 ton ət və digər məhsullar satılmışdır. Yarmarkada alma, kələm, boranı, cuğundur, kartof, ət və s. üstünlük təşkil edirdi. Alıcılar qiymətlərin münasib olduğunu bildirirdilər.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya şənbə və bazar günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından satışa 111,6 ton məhsul, o cümlədən 6,6 ton ət, 200 kiloqram ağartı, 46,2 ton tərəvəz, 23 ton kartof, 200 kiloqram konserv məhsulu, 35,5 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 15 min ədəd yumurta gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov bildirmişdir ki, yarmarkaya ən çox məhsul gətirən Xaçmaz (43 ton) və Tərtər (42 ton) fermerləridir. Novruz bayramının yaxınlaşması ilə əlaqədar yarmarkada qoz, fındıq, şabalıd və quru meyvələr çoxluq təşkil edir.
######
![]() |
![]() |

