BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 8-9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş
yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə və bazar günləri burada satışa 36,45 ton məhsul çıxarılmışdır. Qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada mal ətinin kiloqramı 3 manat 90 qəpiyə, qoyun əti 4 manat, quş əti 2 manat 40 qəpik-3 manata, soğan 20-30 qəpiyə kök, kələm 40-50 qəpiyə, alma 1 manat 20-1 manat 60 qəpiyə, armud 1 manat 20-1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 10 manata, yumurtanın bir ədədi 11 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermerləri 29 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, əhalinin tələbatı nəzərə alınaraq bu dəfə yarmarkalara çıxarılan məhsulların miqdarı və çeşidi artırılmışdır. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə, tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatı, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad və Göyçay rayonunun fermerleri satışa 4 tona yaxın məhsul çıxarmışdılar. Burada da qiymətlər bazardakından 25-30 faiz ucuz olmuşdur.
Hər iki yarmarkada heyvanlar baytar laborator müayinəsindən keçdikdən sonra alıcıların gözü qarşısında kəsilir və bazar qiymətlərindən 30 faiz ucuz satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şəhər sakinləri məhsulların qiymətlərinin onlar üçün sərfəli olduğunu və bundan razı qaldıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin məlumatına görə, şənbə və bazar günləri Qazax və Ağsu rayonlarının fermerləri yarmarkaya 28 tondan artıq məhsul çıxarmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada əhaliyə bazardakından 35-40 faiz ucuz qiymətlərə kələm, soğan, çuğundur, alma, kök, kartof, süd və digər məhsullar təklif edilirdi.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Bərdə, Ağstafa və Goranboy rayonlarının fermerləri burada iki gün ərzində 20 tondan çox məhsul satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilmiş meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları şəhər əhalisi tərəfindən həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov bildirdi ki, şənbə və bazar günləri yarmarkada satışa 184, 5 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır. Novruz bayramı ilə əlaqədar alıcıların fəallığı artmış və malların çeşidi xeyli çoxalmışdır. Satışda fındıq, şabalıd, qoz və müxtəlif meyvə qurusu üstünlük təşkil edir.
Yarmarkada bakılılara Novruzun rəmzi olan səməni də satılırdı.
Burada qozun və fındığın kiloqramı 2 manat 50 qəpiyə, kartof 30 qəpiyə, mal əti 3 manat 80 qəpiyə, toyuq əti isə 2 manat 50 qəpiyə təklif olunurdu.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya şənbə və bazar günləri Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından 115,8 ton məhsul, o cümlədən 6,2 ton ət, 200 kiloqram ağartı, 43,2 ton tərəvəz, 24 ton kartof, 200 kiloqram konserv məhsulu, 42,1 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta gətirilmişdi.
Novruz bayramının yaxınlaşması ilə əlaqədar yarmarkada qoz, fındıq, şabalıd və meyvə qurusu çoxluq təşkil edirdi.
Baharın rəmzi olan qırmizı lentli yaşıl səmənilər xüsusilə göz oxşayırdı.
######
![]() |
![]() |

