BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, əhaliyə 24,6 ton məhsul, o cümlədən 5 ton ət, 0,45 ton ağartı, 6 ton tərəvəz, 8 ton kartof, 1 ton bostan bitkisi, 4 ton meyvə, 10 min ədəd yumurta, 150 kiloqram bal təklif edilir. Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar satışa qoz, fındıq, badam, şabalıd, ərik qurusu, kişmiş, alça, gavalı və digər müxtəlif çeşidli məhsullar çıxarılmışdır. Qiymətlər bazardakından 20-25 faiz aşağıdır.
Yarmarkada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat-3 manat 20 qəpiyə, kök 40-60, kələm 40, alma 60-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 40 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 10-11 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri satışa 38 tondan çox məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar əhalinin tələbatı nəzərə alınaraq bu dəfə məhsulların miqdarı və çeşidi artırılmışdır. Satışda meyvə- tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar boldur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad və Göyçay rayonunun fermerleri alıcılara 7 tona yaxın məhsul təklif edirdilər.
Yarmarkalarda heyvanlar baytar laborator müayinəsindən keçdikdən sonra alıcıların gözü qarşısında kəsilir və bazar qiymətlərindən 30 faiz ucuz satılırdı.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkada satışa Qusar, Dəvəçi, Salyan, Oğuz və digər rayonlardan gətirilmiş 70 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları, o cümlədən 3 ton ət, 24 ton tərəvəz, 5 ton bostan bitkiləri, 27 ton meyvə çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin sözlərinə görə, Novruz bayramı ərəfəsində məhsulların çeşidi xeyli artmışdır.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Masallı Salyan, Quba, Kürdəmir rayonlarının fermerləri qəsəbə sakinlərinə 9 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və 9 min ədəd yumurta təklif edirdilər.
Qəsəbə sakinləri Azər Xəlilov, Kənan Baratov, Sevinc Davudova burada təklif edilən məhsulların qiymətinin bazardakından 30-40 faiz aşağı olduğunu bildirərək yaradılmış şəraitdən razılıq edirdilər.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin verdiyi məlumata görə, rayon fermerləri Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya 1 ton nar, 4,5 ton soğan, 1,2 ton kartof, 2,2 ton kələm və digər kənd təsərrüfatı məhsulları gətirmişlər.
Yarmarkada şəhər sakinlərinə meyvə-tərəvəz və süd məhsulları bazardakından 30-35 faiz ucuz qiymətlərə təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin məlumatına görə, bu gün satışa Ağsu və Qazax rayonlarından gətirilmiş 32 tondan çox məhsul çıxarılmışdır.
Novruz bayramı ərəfəsində Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada satılan məhsulların çeşidi xeyli artırılmışdı. Burada şəhər sakinləri qiymətləri bazardakından 40-45 faiz ucuz olan meyvə-tərəvəzi, digər məhsulları həvəslə alırdılar.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Ağstafa, Goranboy və Bərdə rayonlarının fermerləri yarmarkaya 18,5 tondan artıq meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfovun sözlərinə görə, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada satışa Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilmiş 170, 2 ton məhsul çıxarılmışdır. Novruz bayramı ərəfəsində burada satılan məhsullar arasında fındıq, qoz, şabalıd, alma, müxtəlif şirniyyat məmulatları üstünlük təşkil edir.
Burada qozun kiloqramı 2 manat 40 qəpiyə, alma 1 manata, yumurtanın biri 10 qəpiyə təklif olunurdu.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından 100,8 ton məhsul, o cümlədən 3,1 ton ət, 400 kiloqram ağartı, 43,2 ton tərəvəz, 16,5 ton kartof, 2 ton konserv məhsulu, 35,5 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 20 min ədəd yumurta gətirilmişdi.
Novruz bayramının yaxınlaşması ilə əlaqədar yarmarkada qoz, fındıq, şabalıd və meyvə qurusu çoxluq təşkil edirdi.
######
![]() |
![]() |

