BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada satışa 16,07 ton məhsul, o cümlədən 3 ton ət, 0,45 ton ağartı, 4 ton tərəvəz, 6 ton kartof, 0,5 ton bostan bitkisi, 2 ton meyvə, 5 min ədəd yumurta, 120 kiloqram bal çıxarılmışdır. Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar satışda qoz, fındıq, badam, şabalıd, ərik qurusu, kişmiş, alça, gavalı üstünlük təşkil etmişdir.
Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat - 3 manat 20 qəpiyə, kök 40-60, kələm 40, alma 60-1 manat 20 qəpiyə, armud 1 manat - 1 manat 40 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 10-11 qəpiyə təklif olunurdu. İki gün ərzində əhaliyə 40,67 ton məhsul satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri 38 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Novruz bayramı ilə əlaqədar əhalinin tələbatı nəzərə alınaraq bu dəfə yarmarkalara çıxarılan məhsulların miqdarı və çeşidi artırılmışdır. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad və Göyçay rayonunun fermerləri satışa 7 tona yaxın məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu rayonları fermerlərinin satdıqları meyvə-tərəvəz və heyvandarlıq məhsullarının qiymətləri bazardakından xeyli ucuz idi.
Alıcılar onlara təklif edilən məhsulların həm də keyfiyyətli olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, şənbə və bazar günləri yarmarkada 33 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada əhaliyə kələm, kök, alma, nar, qoz, fındıq, kartof, çuğundur, süd və digər kənd təsərrüfatı məhsulları təklif olunurdu.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Goranboy, Bərdə və Ağstafa fermerləri yarmarkada 19 tonadək meyvə-tərəvəz və süd məhsulları satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər sakinləri satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər.
Novruz bayramı münasibətilə yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının çeşidi artmışdı. Burada bayram süfrəsi üçün zəruri olan qoz, fındıq, şabalıd daha çox alınırdı.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilmiş 36 ton kartof, 62 ton meyvə, 19,5 ton ət, 37 ton tərəvəz və digər məhsullar satılmışdır.
Paytaxt sakinləri bazarlardakından xeyli ucuz satılan məhsulları həvəslə alır, yarmarkaların təşkilinə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.