BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan 17,8 ton məhsul, o cümlədən 2 ton ət, 0,6 ton ağartı, 7 ton tərəvəz, 6 ton kartof, 0,2 ton bostan bitkisi, 2 ton meyvə, 12 min ədəd yumurta, 50 kiloqram bal gətirilmişdi.
Burada mal ətinin kiloqramı 4 manat 20, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 4 manat-4 manat 20 qəpiyə, kök 80 qəpik-1 manata, alma 1manat - 1 manat 50 qəpiyə, armud 1 manat 80 qəpiyə, kartof 50-60, kələm 30-40 qəpiyə, bal 9-10 manata və s. təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Şəki və Qəbələ rayonlarından gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov dedi ki, bu gün satışa 140,6 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır.
Yarmarkada lobya, kartof, gilas çoxluq təşkil edirdi. Lobyanın kiloqramı 1 manata, gilasın kiloqramı 1 manat 50 qəpiyə, alma 40 qəpiyə satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada satışa 2,5 ton soğan, 2,4 ton kartof, 1 ton kələm, 700 kiloqram xiyar, meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdı. Şəhər sakinlərinə təklif edilən məhsulların qiymətləri bazardakından 30-35 faiz ucuz idi. Məhsullar həm də keyfiyyəti ilə diqqəti cəlb edirdi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Ağstafa və Goranboy rayonlarının fermerləri ucuz qiymətlərə alma, kök, soğan, pomidor, kələm, xiyar, çuğundur və digər çeşiddə meyvə-tərəvəz və heyvandarlıq məhsulları satırdılar.
Alıcılar burada bazarlıq etməyin onlar üçün sərfəli olduğunu bildirirdilər.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Dəvəçi və digər rayonlardan gətirilmiş 37 tondan çox məhsul çıxarılmışdı. Burada mövsümi mallar üstünlük təşkil edirdi. Dəvəçidən gilas gətirmiş Məmməd Balıyev son iki həftədə burada 300 kiloqramdan çox məhsul satdığını, yaradılmış şəraitdən razılığını bildirdi.
Yarmarkada kələmin kiloqramı 50-60, kartof 50-70, xiyar 60-70 qəpiyə, pomidor 1manat 40 qəpiyə-2 manata, gilas 1manat 70 qəpiyə-2 manata, mal əti 4 manat 40 qəpiyə təklif edilirdi.
Alıcılar Camal Qəmbərov, Salman Salmanov, Dilarə Vahidova və başqaları yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirirdilər.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Masallı, Salyan və digər rayonlardan 10 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Əraziyə nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirdilər ki, buradakı məhsullar bazardakından 20-25 faiz ucuzdur və hər bir fermer üçün lazımi şərait yaradılmışdır.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri əhaliyə müxtəlif çeşiddə 40,6 ton məhsul təklif edirdilər. Burada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 30, alma, çuğundur 40, kartof 40-50, badımcan, kök 70, xiyar 50, bibər 15 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 2, mal əti 4, qoyun əti 5 manata, quş əti 4 manat 20 qəpiyə, pendir 2 manat 40 qəpiyə satılırdı.
![]() |
![]() |

